Rusiya faktiki olaraq ATƏT-i girov götürməyə çalışır, Təşkilatın mühüm qərarlarının qəbuluna mane olur.

"Unikal" xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Lodzda (Polşa) ATƏT Nazirlər Şurasının 29-cu iclasının açılışında çıxışı zamanı vurğulayıb.

"Biz ATƏT-ə sədrliyi yanvarın 1-də bizə təhvil verildiyindən tamamilə fərqli şərtlərlə təhvil veririk. Və söhbət ATƏT rəhbərliyinin fəlsəfəsindən və ya prioritetlərindən deyil, Rusiyanın ATƏT-i girov götürmək cəhdlərindən gedir", - Rau deyib. 

Onun sözlərinə görə, Rusiya tərəfinin Polşa sədrliyinə qarşı guya qərəzli yanaşma, “ATƏT-in əsaslarını məhv etmək” və prosedur məsələlərin pozulması kimi ittihamları eşitmək “çox qəribədir”. Buna cavab olaraq ATƏT-in hazırkı rəhbəri Rusiyanın Təşkilatdakı destruktiv davranışı ilə bağlı bir neçə faktı qeyd edib.