Londonda daha bir azərbaycanlı multimilyoner-biznesmen çirkli pulların yuyulması ilə bağlı irimiqyaslı beynəlxalq əməliyyat çərçivəsində mühakimə olunur.

"Unikal" haqqin.az-a istinadən xəbər verir ki, bu məhkəmə istintaqı Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin iddiası ilə başlanıb.

Oliqarx iş adamının adı hələ də gizli saxlanılır, lakin “Evening Standard” və BBC kimi KİV onun şəxsiyyətinin açıqlanması üçün fəal mübarizə aparır.

“Evening Standart” qəzeti xəbər verir ki, biznesmen kimliyini gizli saxlamağa çalışır və bunun üçün Böyük Britaniyanın üç ən məşhur hüquqşünasının xidmətlərindən yararlanır.

Azərbaycanlı milyonçu iddia edir ki, əgər şəxsiyyəti açıqlanarsa, onun imici və işgüzar nüfuzuna böyük və sarsıdıcı zərbə vurulacaq.

Məhkəmədə azərbaycanlını Lord Pannik və Böyük Britaniyanın ən bahalı iki vəkili, o cümlədən Vəkillər Kollegiyasının keçmiş sədri Desmond Braun müdafiə edirlər.

Bildirilir ki, London Ali Məhkəməsində iş adamının adının açıqlanması tələbi ilə məhkəmə iclası gələn ilin mart ayına təyin edilib. Ali Məhkəmə iddianı təmin edərsə, biznesmenin adı açıqlanacaq.

Xatırladaq ki, 2022-ci ilin yanvarında London məhkəməsi Milli Məclisin eks-deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi barədə qərar vermişdi.