Xocalı

Beynəlxalq təzyiqlər artmalıdır

Xocalı hava limanı ilə bağlı müzakirələr get-gedə genişlənir. Bu günlərdə ATƏT-in Minsk qurupu həmsədrləri də bununla bağlı bəyanat verdilər və bu bəyanat heç də birmənalı qarşılanmadı. Bəzi ekspertlər bildirdilər ki, hava limanının müzakirəyə çıxarılması ermənilərin xeyrinədir və bu müzakirələr sonda hava limanının işə düşməsi ilə nəticələnə bilər. Buna görə də hesab edilir ki, məsələnin ATƏT-in Minsk qurpu səviyyəsində yox, bütün beynəlxalq təşkilatların gündəminə gətirilməlidir. Hələ ki, bu məsələdə ilk addım atılıb. Belə ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində Xocalı aeroportunun açılmasının qeyri-qanuni olması ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyəti geniş məlumatlandırma kampaniyası aparır. AAC-dan verilən məlumata görə, bu kampaniya çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin Belçika nümayəndəliyi Xocalı aeroportunun açılmasının Çikaqo Konvensiyası və Beynəlxalq mülki aviasiya hüququna zidd olduğu üçün açılmasına yol verilməməsinin əhəmiyyətini vurğulayaraq, Avropanın müxtəlif maraqlı tərəflərinə müraciət edib.

Avropa Azərbaycan Cəmiyyətinin bu müraciətlərinə bir sıra rəsmi orqanlardan, o cümlədən Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozodan da cavab gəlib. Prezident öz məktubunda xüsusi olaraq qeyd edib ki, sülh prosesində nailiyyət əldə etmək üçün gərginliyə yol aça biləcək səbəblərdən uzaq durmaq vacibdir: “Xocalı aeroportuna gəldikdə isə, Avropa Birliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2011-ci ilin apreli və 2012-ci ilin iyulunda verdiyi bəyanatları dəstəkləyir. Onlar bu aeroportun fəaliyyətinin gərginliyi artıra biləcəyinə dair öz narahatlıqlarını ifadə ediblər. Uçuşların həyata keçirilməsi sülh prosesinə kömək etməyəcək və Avropa Birliyi hər iki tərəfi məsələnin danışıqlar yolu ilə həllini axtarmağa çağırır”.

Cavab məktubunda bildirilir ki, Avropa Birliyi hər iki tərəfi beynəlxalq hüquq çərçivəsində və öz əraziləri üzərində həyata keçirdikləri uçuşların cari təcrübəsinə uyğun olaraq hərəkət etməyə dəvət edib. Prezident ən inandırıcı şəkildə şərtlər qoymaqla belə davam edib: “Bu aeroportun fəaliyyəti Dağlıq Qarabağın statusunda hər hansı bir dəyişiklik iddiasını dəstəkləmək üçün istifadə oluna bilməz”.

Avropa Azərbaycan Cəmiyyəti belə dəstəkləyici bəyanatlara əsaslanaraq, Ermənistanın yeni seçilmiş lideri Serj Sərkisyana Ermənistanın ATƏT və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qarşısında öz öhdəliklərini yerinə yetirməsi və işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni olaraq aeroport açılmamasına dair təminat verməsi barədə diplomatik yol ilə təzyiq göstərilməsi üçün Avropa Birliyinə və beynəlxalq aləmdəki bütün aparıcı qüvvələrə müraciət edib.

Ekspertlər bunu da bildirir ki, Azərbaycan tərəfi strateji müttəfiqliyi olan dövlətləri də bu işə cəlb etməlidir. Məsələn, bu günlərdə Türkiyə azərbaycana dəstək olaraq bəyan etdi ki, Xocalı hava limanı işə düşərsə Türkiyə Ermənistana hava məkanından istifadəyə qadağa qoyacaq. Müşahidəçilər bildirir ki, Azərbaycan ilk növbədə bu məsələni GUAM-da müzakirəyə çıxartdırıb, Türkiyənin verdiyi qərara müvafiq qərar çıxartdıra bilər. Bundan sonra isə İslam Təşkilatında da məsələ gündəmə gətirilməli və eyni qərar burda da təkrarlanmalıdır. Bu isə o deməkdir ki, Ermənistan kifayət qədər ciddi sıxıntılarla üz-üzə qalacaq və faktiki müsəlman ölkələrinin hava məkanından məhrum olacaq. Bu isə faktiki Ermənistanın çöküşü olacaq. Çünki Türkiyənin bu qərarı ilə Avropaya, GÜAM-ın qərarı ilə isə MDB məkanının üçdə birinə nəzarətini itirəcək. Başqa maraqlı bir məqam isə budur ki, hazırda ATƏT-in Minsk qurupu əslində bütün gücünü səfərbər edib ki, məlum hava limanı işə düşsün. Bəhanə isə budur ki, güya hava limanı dinc məqsədlə, mülki məsələlər üçün istifadə olunacaq. Bu isə sözsüz ki, absurd iddiadır. Çünki bu günün özündə Yerevandan Dağlıq Qarabağa helikopterlər uçur və müşahidəçilərdə təsdiqləyir ki, ay ərzində mülki şəxslər yalnız bir neçə dəfə səfər edirlər. Yerdə qalan vaxt ərzində isə helikopterlər sırf hərbi məqsədlər üçün uçuşlar həyata keçirirlər. Buna görə də qeyd olunur ki, bu hava limanı açılarsa Ermənistan Dağlıq Qarabağda hərbi gücünü artıra biləcək.