1994-cü ilin martı idi və Azərbaycan ağır günlərdən keçirdi. Novruz bayramına bir neçə gün qalmış ulu öndər Heydər Əliyev Mirmövsüm ağa ziyarətgahına getmişdi. O vaxt cəbhədə hələ atəşkəsə nail olunmamışdı, ona qədər artıq köhnə hakimiyyətlərin yarıtmaz fəaliyyəti nəticəsində düşmən torpaqlarımızın 20 faizini işğal etmişdi. Ölkədə o zamana görə dünyanın ən böyük humanitar böhranı yaşanırdı, yurdundan, evindən didərgin düşən 1 milyondan çox azərbaycanlı ölkənin içərilərinə gəlib ictimai binalarda, vaqonlarda, çadırlarda məskunlaşmışdı. Ən əsası isə istiqlalını yenicə qazanmış ölkənin müstəqilliyi təhlükə altında idi. O ağır günlərdə bir neçə ay idi ki, Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev bütün diqqətini ölkəni bu ağır böhrandan çıxartmağa yönəltmişdi.
Heydər Əliyev öz arzularını açıqlayarkən ilk növbədə Azərbaycanın müstəqilliyini ön plana çəkmişdi və demişdi ki, xalqımız azadlığına qovuşub, öz istiqlalını əldə edib.
Heydər Əliyevin ən güclü silahı dünyanın Azərbaycanı müstəqil dövlət kimi tanıması, xalqımızın isə öz taleyinin sahibi olması idi və sonrakı dövrdə o, məhz bu prinisipə arxalanaraq hərəkət etdi. Xalqı məhz bu ümummilli dəyərlər ətrafında birləşdirdi və beləcə, 1994-cü ilin martında Heydər Əliyevi Mirmövsüm ağa ziyarətgahına aparan həm də bu müqəddəs amallara görə Allaha şükr etmək arzusu idi. Ona görə də 90-cı illərin əvvəlinə nəzərə salanda, o dövrdə baş verənləri təhlil edəndə bir daha görürük və əmin oluruq ki, Heydər Əliyevsiz müasir Azərbaycan tarixini təsəvvür etmək çox çətindir. Heydər Əliyevsiz bizim həm sovet, həm də müstəqillik tariximiz böyük bir boşluqla üzləşə bilərdi. Bəlkə də indi biz müstəqillik anlayışının nə qədər qiymətli sərvət olması ilə bağlı fikir yürütməkdə belə çətinlik çəkərdik. Çünki Heydər Əliyev olmasaydı Azərbaycan da müstəqil olmayacaqdı.
Lakin 1993-cü ildə onun xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı bir neçə illik dövrdə Azərbaycanın ictimai-siyasi həyatında yaranan dərin boşluğu doldurdu, uzun illərdən sonra itkilərdən cana yığılan, başı çörək və torpaq hayına qarışan xalq ilk dəfə dərindən nəfəs almağa başladı. Çünki bir problemi olanda üzünü tutacağı, sözünü deyəcəyi, güvənəcəyi və inanacağı liderinə qovuşmuşdu, xalq öz rəhbərini tapmışdı. Bunu Heydər Əliyev özü də bilirdi. O da bilirdi ki,Azərbaycanın üzləşdiyi bu problemin yeganə həlli məhz onun dərrakəsindən, onun potensialından keçir və bu cür çətin düyünlərin açılması isə yalnız Azərbaycan xalqının iştirakı, onun mənəvi dəstəyi ilə mümkündür. Həmin dövrdə Azərbaycanda Prezident-Xalq birliyinin təməlləri qoyulurdu və bu, Heydər Əliyevin hakimiyyət fəlsəfəsinin istiqlal prinsiplərinə transformasiya edildiyi və onun müstəqillik dayaqlarının daha da möhkəmlənməsinə yönəldiyi illər idi. Bu dövrün mənzərəsini ulu öndər rəhmətlik Nazim Hikmətin sözləri ilə ifadə edirdi: “Sən yanmasan, mən yanmasam, o yanmasa, bəs kim yanacaq?”.
Heydər Əliyev Prezident kürsüsünü başqaları kimi mübarizə apararaq qazanmamışdı, o xalqın tələbi ilə bu kürsüdə oturmuşdu. Xalqın və liderin arzusu ölkənin taleyi ilə bağlı son dərəcə ciddi məsələdə üst-üstə düşmüşdü və bu məqamda ulu öndərin insanların səsini dinləməkdən başqa çıxış yolu qalmamışdı. Ona görə də o, əminlikdə deyirdi ki, Azərbaycan bu ağır vəziyyətdən çıxacaq, torpaqlarımız geri qaytarılacaq, müstəqil Azərbaycan Respublikası dünya birliyində bundan sonra da layiqli yerini tutacaq və öz taleyinin sahibi olacaq. “Buna heç kəs mane ola bilməz, əgər kimsə mane olmaq istəyərsə, biz onun qarşısını almağa qadirik!”.
Heydər Əliyev bu sözləri deyəndə təkcə xarici faktorları nəzərdə tutmurdu. O, həm də daxildəki satqınları ifşa edirdi, onların xalqın qanına bulaşan əllərini kəsib atırdı. Çünki qanlı hakimiyyət davaları fonunda torpaq satan, dövlət yıxan, nəhayətdə, xalqı layiq olmadığı mərhumiyyətlərlə üz-üzə qoyan dırnaqarası siyasətçilərin fəndgirliyinin qarşısını almaq, milləti bu quzğunların caynağından xilas etmək Heydər Əliyevin əsas missiyalarından biri idi və o, bu yolda axıra qədər mübarizə apardı. Heç bir dövlət çevrilişi cəhdləri, amansız terror planları onu müqəddəs yolundan döndərmədi, bir çağırışı ilə milyonlarla insanı iş yerinin qarşısına topladı. Xalq da öz liderini milli ləyaqət rəmzi kimi qorudu, onu düşmənlərin məkirli planlarına qurban vermədi. Ona görə də Heydər Əliyev haqlı olaraq deyirdi ki, “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və hər bir hakimiyyət ancaq xalqın iradəsi əsasında əldə oluna bilər”.
Heydər Əliyev çətin bir yola çıxmışdı və bu yolun üzərində hansı mərhumiyyətlərlə üzləşəcəyini də bilirdi. Lakin onu heç nə qorxutmurdu və qətiyyətlə deyirdi ki, “həyatımın son dəqiqəsinədək mən bu xidməti edəcəyəm. Məni heç nə qorxutmur, heç bir şey çəkindirmir. Mən bütün bu təxribatların, terrorun qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”.
Ulu öndərin qətiyyəti can verən dövləti də, xalqı da özünə gətirmişdi. Heydər Əliyev əslində, məhv olmuş, parçalanmış dövləti yenidən qurmuşdu və onun sonrakı illərdə həyata keçirdiyi hər bir tədbir yalnız Azərbaycanın güclənməsinə, onun beynəlxalq nüfuzunun artmasına hesablanmışdı. 1995-ci ildə ulu öndər Amerika səfərindən qayıdanda artıq bir sıra uğurların əldə edildiyinin fərqində idi. O, beş gün qaldığı Nyu-Yorkda 70-ə yaxın görüş keçirmişdi, böyük ölkələrin prezidentləri ilə görüşmüşdü. Onun dünyagörüşü, Azərbaycanın gələcəyi ilə bağlı mülahizələri keçmiş Sovet İttifaqının ən böyük vəzifələrində çalışmış əqidəli kommunist haqqında yanlış fikirləri də aradan qaldırmışdı. O, özünün timsalında Azərbaycan və xalqımız haqqında dünya liderlərində dərin təəssürat yaratmışdı.
Heydər Əliyevi kommunist partiyadaşlarından fərqləndirən xüsusiyyət təkcə onun öz əqidəsinə son dərəcə bağlı olması deyildi. Baxmayaraq ki, ulu öndər 1943-cü ildən Kommunist partiyasının sıralarında olmuşdu, Sovet İttifaqının güclənməsində və inkişafında böyük əmək sərf etmişdi. Onu başqalarından ayıran Heydər Əliyevin xarakteri idi. Çünki o, haqsızlığa heç vaxt boyun əyməmişdi, hər zaman öz sözünü demişdi, bütün sədlərin qarşısında hər zaman güclü olan onun Vətəninə və xalqına təmənnasız sevgisi idi. Ona görə də SSRİ hakimiyyəti Ermənistanın Qarabağda törətdiyi separatçılığa, soyqırımlara, işğala göz yumanda, sovet ordusu Bakıda Qanlı Yanvar qırğınını törədəndə Heydər Əliyev səssiz qalmadı. Onun Vətən və xalq sevgisi partiya əqidəsinin önünə keçdi və bu, əslində, Heydər Əliyevin həyatında dönüş nöqtəsi idi.
Məhz bundan sonra Heydər Əliyev müstəqil Azərbaycanın tarixini yazmağa başladı. Naxçıvanda təbiətin sərt sınaqları ilə üz-üzə qalanda belə xalqı unutmadı, Naxçıvanı ermənilərin amansız işğal planlarından qorudu, üçrəngli bayrağımızı başı üzərinə qaldırmaqla müstəqillik atributlarını Azərbaycana tanıtdı. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmaqla vətəndaş müharibəsinin qarşısını aldı, ölkənin siyasi və iqtisadi dayaqlarını möhkəmləndirmək yolunda olduqca əhəmiyyətli addımlar atdı. Tarixdə ilk dəfə Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibi kimi çıxış etməyə başladı, neft müqavilələri ölkəni iqtisadi gücünü müəyyən etdi. Azərbaycanın xarici siyasət kursu formalaşdı, bütün dünya ölkələri ilə bərabərhüquqlu əlaqələr quruldu, ordu quruculuğuna başlandı, xalqın maddi-mədəniyyət nümunələri özünə qayıtdı, xalq öz milli kimliyini dərk etməyə, tarixi, mədəniyyəti ilə fəxr etməyə başladı,bütün bunlar isə yalnız Heydər Əliyevin hesabına mümkün oldu. Ancaq Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan qurtarılması idi. Qarabağın azadlığı onun xaricdə keçirdiyi hər bir görüşdə, dünya prezidentləri ilə ünsiyyətində gündələyin əsas məsələsinə çevrildi və Heydər Əliyev qətiyyətlə bəyan etdi ki, Azərbaycan heç vaxt öz torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.
O, bu problemin həll yollarını da bilirdi. Qarabağın azadlığının Azərbaycanın iqtisadi qüdrətindən və güclü ordu potensialından keçməsi faktı Heydər Əliyevin fəaliyyətinin ana xəttini təşkil edirdi. Ona görə də haqlı olaraq bəyan edirdi ki, “dünyada heç bir müstəqil dövlət ordusuz yaşaya bilməz, xüsusən də yenicə müstəqillik qazanmış və belə mürəkkəb regionda yaşayan Azərbaycan”. Məhz bu strategiyanın uğurları Azərbaycanın 30 ildən sonra öz doğma torpaqlarına qovuşmasını təmin etdi. Heydər Əliyev özü bu günləri görməsə də onun davamçıları, onun ideyalarından bəhrələnən, irsini yaşadan nəsil 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə ulu öndərin ən böyük arzusunu gerçəyə çevirdi. “Ata vəsiyyəti” qalib gəldi.
Hələ 1994-cü ildə Bibiheybət məscid kompleksinin təməli qoyulanda Heydər Əliyev demişdi ki, “bizim axıra çatdıra bilmədiyimiz işləri gələcək nəsillər, bizim davaçlaırmız görəcək”. Ulu öndərin tarixi sözlərinin sübuta yetirilməsi üçün bizə 30 ildən də az vaxt lazım oldu və müstəqilliyin övladlarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müqəddəs Qarabağda yazdığı tarix Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın parlaq səhifələrini yaratdı. Onun vaxtilə Şuşada və başqa azad olunmuş ərazilərdə qurub yaratdığı dəyərləri özümüzə qaytardı. Bu tarixi zəfərin istisnasız dayağı müstəqillikdir. Ulu öndər özü də deyirdi ki, “müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir, daha müşküldür. Çünki Azərbaycanın müstəqilliyi ilə razılaşmayan qüvvələr var və bu qüvvələr bütün imkanlardan istifadə edirlər ki, ölkəmiz yenidən təsir dairəsinə düşsün. Lakin nəyin bahasına olursa-olsun, Azərbaycan prezidenti və xalqı öz müstəqil dövlətini qoruyub saxlayacaq”.
Belə də oldu. Biz Qarabağda təkcə Ermənistanı yox, həm də onun havadarlarını məğlub etdik. Hələ də imperiya təfəkkürü ilə yaşayan qüvvələrə ölümcül zərbələr endirdik və beləcə, Qarabağı azad görməyi arzulayan ulu öndərin ideyaları da qalib gəldi.
Bu məqaləmi Heydər Əliyevin tarixi sözləri ilə bitirmək istəyirəm və düşünürəm ki, bu fikirlər dünyanın ən böyük azərbaycanlısının öz həyatı fonunda Azərbaycanın üzləşdiyi çətinlikləri və uğurları çox gözəl ehtiva edir: “Bəzən düşünürəm ki, əcəba, bu mənim həyatımda bir belə nədir? Məni öldürmək istəyən də olub, mənə qarşı terror etmək istəyən də, batırmaq istəyən də olub. 1987-ci ildə Moskvada böyük çaxnaşmalardan, mən istefaya gedəndən sonra başıma nə bəlalar gəldi. Orada məni əzmək, həbs etmək istədilər, boğmaq istədilər, boğa bilmədilər. Gəldim buraya, burada boğmaq istədilər, boğa bilmədilər. Getdim ucqar bir yerdə, Naxçıvanda üç il yaşadım, orada boğmaq istədilər, boğa bilmədilər. Mən buraya xalqın iradəsinə görə gəlmişəm. Əcəba, nə cür olur ki, bir belə xəyanətkar, bir belə terrorçu, bir belə qəsd edənlər öz istəklərinə nail ola bilmirlər? Allah qoruyur!”.