Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Yığıncaqda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Millət vəkilləri Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və rayon ictimaiyyəti iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib.
Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq”, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrlərini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı. 2020-ci ildə ata vəsiyyətini həyata keçirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 gündə Qarabağı düşmən tapdağından azad etməsinin ulu öndərin təməlini qoyduğu strategiyanın təntənəsi adlandırıb.
Millət vəkili Aydın Hüseynov çıxışında Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğuladı və ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.
Millət vəkili Səbinə Xasayeva Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açaraq, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi. Bildirdi ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Heydər Əliyevin ən böyük xidmətlərindən birini YAP-ın yaradılması olduğunu da geniş şərh edib.
Natiq sonra qeyd etdi ki, bu gün ölkəmiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.
Daha sonra Lökbatan qəsəbəsi 166 saylı tam orta məktəbin direktoru Zeynəb Vəliyeva Heydər Əliyevin keçdiyi böyük və şanlı tarixi yolundan ətraflı danışdı. Həm birinci hakimiyyəti dövründə, həm də ikinci dəfə hakimiyyətə gəldiyi vaxt Azərbaycan xalqına bəxş etdiyi zəngin zəhmətinin bəhrələrindən tədbir iştirakçılarına məlumat verdi. O qeyd etdi ki, məhz Heydər Əliyevin sayəsində sivilizasiyalı, demokratik və hüquqi cəmiyyət qurulmuş, yeni konstitusiya qəbul edilmiş, Azərbaycan Avropa şurasının üzvlüyünə daxil olmuşdur. Digər bütün nailiyyətlərə Heydər Əliyevin sayəsində nail olunduğunu qeyd edib.
Sonda rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirərək, yığıncağı yekunlaşdırıb.