Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha 2 oyunu keçiriləcək.
"Unikal" xəbər verir ki, matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.
Günün ilk görüşündə "Qəbələ" evdə "Turan Tovuz"u sınağa çəkəcək. Hazırda "qırmızı-qaralar" 24 xalla 5-ci, Tovuz təmsilçisi isə 16 xalla 6-cı pillədə qərarlaşıb.
"Qəbələ" indiyədək ölkə çempionatında "Turan Tovuz"la cəmi dəfə üz-üzə gəlib. Həmin qarşılaşma Elmar Baxşıyevin baş məşqçi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyununda isə 47 xalla lider olan "Qarabağ" 10 xalla sonuncu sırada yer alan "Səbail"in qonağı olacaq.
İki komanda bunadək Premyer Liqada 20 dəfə qarşılaşıb. Bunların 16-da Ağdam klubu, 2-də isə Bakı təmsilçisi sevinib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünülüy var - 41:8.
“Qarabağ” son 3 oyunda qələbə qazanıb. Son 5 matçda üç və ya daha çox qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası
XVIII tur
24 dekabr (şənbə)
15:00. “Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Qəbələ şəhər stadionu.
17:30. “Səbail” – “Qarabağ”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" isə səfərdə "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edib. Tura dekabrın 25-də keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.