Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə turizm potensialına malik Naftalan şəhərində yeni tullantı sutəmizləyici qurğusu istismara verilib.
"Unikal" xəbər verir ki, Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində inşa edilmiş bioloji tipli təmizləyici qurğuda tullantı suları tam təmizləndikdən sonra kənarlaşdırılır.
Kompleksin açılış mərasimində Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsini prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında tullantı sularının optimal idarə olunması, ətraf mühitə ziyan vurmadan kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Naftalan şəhərinin içməli və tullantı su infrastrukturu yenidən qurulub. Artıq bir neçə ildir ki. şəhər sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunur. Bölgələrdə icra olunan layihələr çərçivəsində tullantı sutəmizləyici qurğularının inşa edildiyini diqqətə çatdıran Köçərli Həsənov artıq 20-dən çox şəhərdə belə qurğuların istismara verildiyini bildirib.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov sağlamlıq turizmi ilə məşhur olan Naftalan şəhərində kommunal infrastrukturun yaxşılaşdırılmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, içməli və tullantı su təchizatı layihələrinin icrası Naftalan sakinlərinin həyat şəraitinin yaxşılaşmasına imkan verib.
Sonra Naftalan tullantı sutəmizləyici qurğusu barədə təqdimat olub və komleksə baxış keçirilib. Bildirilib ki, ümumi məhsuldarlığı sutkada 6000 kubmetr layihələndirilən qurğunun ilkin mərhələdə 3000 min kubmetr emal gücü olan birinci mərhələsi inşa edilib. Qurğuya daxil olan suların tərkibindəki bərk tullantılar iri barmaqlıqlarda, xırda hissəciklər və yağlar isə qumtutucu və yağayırıcı kameralarda təmizlənir. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biofosfor qurğusuna ötürülür. Bioloji təmizləmədən keçən sular durulducu çənlərdə çökdürülür və lilsusuzlaşdırma binasında susuzlaşdırılır. Ən sonda tullantı suları diskfiltr vasitəsilə təmizlənib zərərsizləşdirilir.
Təmizlənmiş və zərərsizləşdirilmiş tullantı suları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında Naftalan çayına axıdılır. Bu məqsədlə diametri 800 mm diametrli borularla 1,8 km uzunluğunda kollektor inşa edilib.
Qurğuda bütün proseslər avtomatlaşdırılmış idarəetmə sistemi (SCADA) ilə idarə olunur. Emal proseslərinin ekoloji tələblərə uyğunluğunun yoxlanılması məqsədilə müasir tipli laboratoriya yaradılıb. Eyni zamanda, qurğu ərazisində inzibati və yardımçı binalar inşa edilib.
Qeyd edək ki, “Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Naftalan şəhərində 9800 nəfərin içməli su təminatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihənin icrasına 2013-cü ilin əvvəlində başlanılıb. Naftalan şəhərinin və ətraf kəndlərin dayanıqlı su təchizatının aparılması üçün Goranboy şəhərini içməli su ilə təmin edən Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4 km magistral su xətti çəkilib, hər birinin həcmi 3000 kubmetr olan 2 ədəd anbar tikilib. Naftalan şəhərində 36,8 km içməli su şəbəkəsi yaradılıb. Eyni zamanda şəhərdə 37,7 km kanalizasiya şəbəkəsi yaradılıb, 867 kanalizasiya baxış quyusu inşa edilib. Layihə çərçivəsində Naftalan Sukanal Sahəsi üçün yeni inzibati bina tikilib.
Layihə çərçivəsində Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərinə də içməli suyun verilməsi təmin edilib, bu yaşayış məntəqələrində 3200 nəfər sakinin su təchizatı yaxşılaşdırılıb.