"Cari ildə dövlət proqramı çərçivəsində Tovuz rayonunun Kazımlı və Hacılar kəndlərinin qazlaşdırılması istiqamətində görülən işlər demək olar ki, başa çatmaq üzrədir. Bundan əlavə Cəlilli kəndində genişlənən ərazinin qazlaşdırılması işləri başa çatıb, Aşağı Əyyublu kəndinin yeni yaşayış massivinin təbii qazla təmin olunması istiqamətində isə işlər artıq tamamlanır".
"Unikal" xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi Elman Qəmbərov "Açıq mikrofon" aksiyası çərçivəsində sakinlərlə keçirilən görüş zamanı bildirib. İdarə rəisi vətəndaşları təşkil olunan görüşdə fəal olmağa, qaz təsərrüfatı ilə bağlı üzləşdikləri çətinlikləri rahat şəkildə səsləndirməyə çağırıb. Aksiyaya üz tutan Xədicə Məmmədova qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. Vətən müharibəsi iştirakçısı Ramil Əsgərov isə istehlak etdiyi təbii qaza görə yaranan borcun mərhələli şəkildə ödənilməsinə şərait yaradılmasını xahiş edib. Ünvanlanan bütün müraciətlər Birlik nümayəndələri tərəfindən cavablandırılıb və aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.
Qeyd edək ki, görüş zamanı təbii qazın verilişi ilə bağlı heç bir şikayət daxil olmayıb.