"Artıq 2022-ci ilin son günüdür. Bu il dünyada və eləcə də regionda yeni düzənin formalaşması ili kimi tarixə düşəcək".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2022-ci il Rusiya-Ukrayna müharibəsi fonunda istehlak bazarlarında qiymətlərin yüksəlməsi və qlobal birjalarda volatilliyin dərinləşməsi ili kimi də xarakterizə olunur:
"Azərbaycan 2022-ci ildə iqtisadi artım tempini qoruyub saxladı və düşmənin təxribatlarına rəğmən, Ermənistan istiqamətindəki mövqelərimizdə daha da güclənə bildik. İlin son ayında Xankəndi-Laçın yolunda baş verənlər isə bir daha birliyimizi və sarsılmaz həmrəyliyimizi nümayiş etdirdi. 2023-cü ilin həm dünya, həm də ölkəmiz üçün spesifik illərdən olacağı gözlənilir. İşğaldan azad olunan ərazilərimizin bərpasına dövlət büdcəsindən yönəldiləcək 3 milyard manat və eləcə də intensiv yenidənqurma işləri fonundan gələn il Böyük Qayıdış prosesi daha da sürətlənəcək. Gələn il ilk dəfə olaraq pensiya sistemində vahid indeksasiya mexanizmi, yaşayış minimumu ilə ehtiyac meyarının bərabərləşməsi baş verəcək. Bütövlükdə, gələn il bizləri iqtisadi və sosial sferada yeniliklər gözləyir".
Seymur Əli