Deputat

“Razılaşdırılmamış aksiyalarda iştirak edənlərə cəza təyin olunarkən şəxsin əmlak vəziyyəti nəzərə alınmalıdır”

“Əmlak durumu o cəriməni ödəməyə imkan vermirsə, məhkəmə cərimə tətbiq edə bilməz”

“İcazəsiz aksiyaların, toplantıların iştirakçıları və təşkilatçıları haqqında məhkəmə cəza təyin edərkən şəxsin əmlak vəziyyəti nəzərə alınmalıdır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, icazəsiz aksiyalarla bağlı cərimələrin artırılması haqqında layihənin müəllifi Rafael Cəbrayılov deyib.

Deputat qeyd edib ki, son dəyişikliklərdə icazəsiz aksiyaların təşkilatçıları və iştirakçıları ilə bağlı 3 tənbeh tədbiri təsdiq olunub: “Bunlardan biri 300 manatdan 600 manata qədər cərimə, ikincisi 160 saatdan 200 saata qədər ictimai işlər, üçüncüsü isə 15 günə qədər inzibati həbsdir. Məhkəmədə bu şəxslər barədə qərar çıxararkən əmlak vəziyyəti nəzərə alınmalıdır.

Cinayət Məcəlləsinin 44.2-ci maddəsində də nəzərdə tutulur ki, məhkəmə cəza təyin edərkən şəxsin əmlak vəziyyətini nəzərə almalıdır. Yəni bu şəxsin əmlak durumu o cəriməni ödəməyə imkan vermirsə, məhkəmə o cəriməni tətbiq edə bilməz, əks halda bu o hakimin baş bəlasına çevrilə bilər. Qanun bunu tələb edir: şəxsin cəriməni ödəmək imkanına əmlak durumu cavab vermirsə, ona inzibati həbs və ictimai işlərə cəlb etmə tənbehini tətbiq etmək olar”.

Qeyd edək ki, son aksiyalarda, o cümlədən ötən gün keçirilən razılaşdırılmamış mitinqdə saxlanılan bir sıra şəxs yüksək məbləğdə cərimə olunub.