Türkiyənin məhşur “PROYAPI” Mühəndislik və Müşavirlik şirkətinin İdarə Heyəti rəhbərinin müavini Akif Aygen Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub və universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə, Türkiyəli iş adamı Əli İnsan Gənc də iştirak edib.
"Unikal" xəbər verir ki, qonaqları salamlayan professor Gülçöhrə Məmmədova, AzMİU haqqında ətraflı məlumat verib. Texniki profilli ali təhsil müəssisələrinin istehsalat müəssisələri ilə əlaqələrin önəminə diqqət çəkən rektor “PROYAPI” şirkətilə AzMİU arasında bir sıra istiqamət üzrə əməkdaşlığın mümkün olduğunu bildirib.
Professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU-da mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin işğaldan azad olunmuş ərazilərimizdə şirkət tərəfindən reallaşdırılan böyük miqyaslı layhələrə cəlb edilməsi onların praktik biliklərə yiyələnməsi üçün müstəsna fürsətlər yarada bilər.
AzMİU haqqında təəssüratlarının yüksək olduğunu deyən Akif Aygen “PROYAPI” şirkətinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi lahiyələr, xüsusi ilə işğaldan azad olmuş Azərbaycan ərzilərində görülən işlər haqqında geniş məlumat verib. Qonaq qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur ərazilərində geniş miqyaslı yol və tunel tikintiləri, su anbarlarının lahiyələrinin hazırlanması və bu kimi işlər həyata keçirilir.
Görüşdə birgə əməkdaşlıq məsələləri ətraflı şəkildə müzakirə olunub, potensial və perspektiv imkanlar nəzərdən keçirilib.
Görüşün sonunda AzMİU ilə “PROYAPI” şirkəti arasında əməkdaşlığa dair memorandom imzalanıb. Memorandomda əməkdaşlığın bir sıra istiqamətləri, o cümlədən AzMİU tələbələrinin “PROYAPI” şirkətində təcrübəyə cəlb olunması, universitet məzunları üçün kariyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi məsələləri əks olunub.