Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən, Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşı olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində  Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib. İclasda Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı t.ü.f.d., dos. Bahadur Bilalov və Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova ATMU-nu təmsil edib.

"Unikal" xəbər verir ki, layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda baş tutan toplantıda ilk öncə tərəfdaşlar komitə üzvləri ilə tanış oldular. Həmçinin strateji inkişaf məsələləri  üzrə müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, idarə heyəti və sədrinin seçilməsi qaydaları gündəmin müzakirə mövzusu olub.  

İclas zamanı 2 nəfərin namizədliyi idarə heyətinin sədri vəzifəsini tutmaq üçün irəli sürülüb.

85.7 % səs çoxluğu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris və İnnovasiya üzrə prorektoru Araz Aslanlı  idarə heyətinin sədri seçilib. 
Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün keçirilən səsvermənin nəticələrinə əsasən Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru Filologiya elmləri doktoru, professor Sevinc Zeynalova və Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova sədrin müavinləri seçiliblər.

Faina Qaçabəyova 2015-ci ildən etibarən ali təhsildə beynəlxalq əməkdaşlıq və layihələrin idarəedilməsi istiqamətində əmək fəaliyyətinə başlamış, Birləşmiş Millətlər Ümümdünya Turizm Təşkilatı, Birləşmiş Millətlər İnkişaf Proqramı, Lüsern Dünya Turizm Forumu, Romualdo del Bianco Fondu və s. kimi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıqları koordinasiya etmişdir.
Hazırda o, ATMU-da keyfiyyət təminatı işinin, o cümlədən keyfiyyət təminatı işinin planlaşdırılması, universitetin strateji inkişaf planın icrasının monitorinqi, xarici akkreditasiya işinin koordinasiyası, daxili proseslərin təkmilləşdirməsi işində dəstəyin göstərilməsi kimi işləri icra edir. Eyni zamanda, o, Ümümdünya Turizm Təşkilatının TedQual akkreditasiyası, ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə sertifikasiyası işinin təşkili kimi məsələləri icra edir. Faina Qaçabəyova çalışdığı ali təhsil ocağında müxtəlif dövrlərdə “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)”, British Council tərəfindən maliyyələşdirildiyi Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı, “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən pilot kursları (PİCASP)” kimi layihələri də koordinasiya etməkdədir. 
O, ATMU və Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin birgə həyata keçirdiyi Azəbaycanda ilk ikili diplom (Azərbaycan-Avstriya İkili Diplom Proqramı, AATP) proqramının məzunudur. F. Qaçabəyova həmçinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universitetinin “Təhsil və insan kapitalının inkişafı” adlı birgə ikili diplom proqramı üzrə ikinci magistratura təhsilini bitirmək üzərədir.

2019-cu ildən etibarən Faina Qaçabəyova AATP proqramında “Mədəniyyətlərarası səriştə” fənninin tədrisini həyata keçirir.

Faina Qaçabəyova ABŞ-ın NAFSA - Beynəlxalq Pedaqoqlar Assosiasiyası tərəfindən 2022-ci ildə keçirilmiş konfransa təqdim edilmiş materialların rəyçisi, eyni ildə Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş EU4Culture layihəsində Goethe İnstitutu ilə əməkdaşlıq əsasında Azərbaycan üzrə təqdim edilmiş layihə təkliflərin rəyçisi qismində çalışmışdır. O, həmçinin Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosasiyası adlı təşəbbüs qrupunda idarə heyətinin üzvüdür.

Qeyd edilməlidir ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəmilləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə , Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.