"Səfirliyə hücum çox ciddi beynəlxalq skandaldır. Böyük ehtimalla bu prosesin arxasında İran xüsusi xidmət orqanları dayanır. Bu, İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin pik həddidir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, bunların hamısı ciddi araşdırılmalıdır: "Araşdırma prosesində Azərbaycan mütəxəssisləri də iştirak etməlidir. Bu işin sonuna qədər gedilib, aydınlaşmalıdır. Belə addımlar atılanda bunun müəyyən dərəcədə dövlətlərarası münasibətlərə nə qədər böyük zərbə vuracağını proqnozlaşdıra bilirlər. Görünür ki, bu məqsədlə ediblər. Azərbaycan dövləti də oradakı səfirliyimizi qorumaq üçün ciddi addımlar atacaq. Bu çox pis nəticələrə gətirib çıxaracaq. İranda sevinməsinlər ki, bu gün belə bir addım atmaqla sanki nəyinsə qisasını aldılar, Azərbaycana nəyisə göstərmək istəyirlər. Bu, İranın özü üçün də yaxşı nəticələr doğurmayacaq. Buradan dünyasını dəyişmiş vətəndaşımıza rəhmət, yaralılara isə şəfa diləyirəm. Azərbaycan bunu beynəlxalq səviyyədə gündəmə gətirməlidir. Bu, terror aktıdır. İran kimi totalitar ölkələrdə dövlətin məlumatından kənarda kiminsə belə bir addım atması, buna fərdi hadisə kimi baxılması ehtimalı çox azdır".
Anar Kəlbiyev