Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. İclasda institutun rəhbərliyi, Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri, Təhsil və İctimaiyyətlə Əlaqələr şöbələrinin nümayəndələri və digər əməkdaşlar iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbir institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyevanın moderatorluğu ilə keçirilib. A.Əliyeva tədbiri giriş nitqi ilə açaraq institutun gənc alim və mütəxəssislərini Gənclər Günü münasibətilə təbrik edib, iştirakçılara gündəlikdən irəli gələn məsələlərlə bağlı məlumat verib.

Əvvəlcə İSİ-nin baş direktoru, akademik Əli Abbasov çıxış edərək gənc tədqiqatçıları institutun rəhbərliyi adından Gənclər Günü münasibətilə təbrik edib. Qeyd edib ki, Azərbaycanda sağlam düşüncəli, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Alim 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsinin və 1997-ci ildə ölkə başçısı tərəfindən imzalanan sərəncama əsasən, 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin gənclərə dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğının təzahürü olduğunu bildirib.

Ə.Abbasov qeyd edib ki, Ümummilli Liderin sözügedən sahədə siyasi kursu hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə gənclərin yüksək səviyyəli kadr kimi yetişdirilməsi, intellektual cəmiyyətin yaradılmasında onların rolunun artırılması istiqamətində həyata keçirilən tədbir, sərəncam və dövlət proqramlarını xatırladan akademik hazırda ölkənin ictimai-siyasi və mədəni həyatında gənclərin daha fəal iştirakı üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib. Ə.Abbasov bildirib ki, Azərbaycan gəncliyi müxtəlif fəaliyyət sahələri üzrə təkcə ölkədə deyil, onun hüdudlarından kənarda da mühüm nailiyyətlər əldə edir. Gənclərin elmi, ictimai-siyasi, mədəni və hərbi sahələrdə uğurlarından bəhs edən alim II Qarabağ Müharibəsində ölkə başçısının çağırışlarına cavab verərək ordu sıralarına yazılan, ölkənin ərazi bütövlüyü uğrunda vuruşan gənc əsgər və zabitlərin müasir Azərbaycan gəncliyinin ən parlaq nümunələri olduğunu bildirib.

Rəhbərlik etdiyi müəssisədə gənclərin elmə cəlb olunması istiqamətində həyata keçirilən əməli tədbirlərdən bəhs edən Ə.Abbasov Azərbaycan elminin inkişafında fəal iştirak edən gənclərə gələcək fəaliyyətlərində də uğurlar arzulayıb, tövsiyələrini səsləndirib.  

Sonra İSİ GAMŞ sədri, kiçik elmi işçi Lamiyə Nəcəfova “Gənclər elm və təhsilin hərəkətverici qüvvəsi kimi” mövzusunda çıxış edərək qeyd edib ki, ölkənin aparıcı qüvvəsi olan gənclər hazırda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, Azərbaycanı dünya miqyasında layiqincə təmsil edərək yüksək nailiyyətlər əldə edir. Gənclərin elmdə təmsil olunmasının önəmini vurğulayan L.Nəcəfova onların yüksək ixtisaslı elmi kadr kimi formalaşması, cəmiyyətdə özünə layiqli yer tutması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən kompleks tədbirlər, dövlət proqramları və s. barədə danışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli sərəncamı ilə elm, təhsil, mədəniyyət sahələrində ictimai və sosialyönümlü fəaliyyəti ilə xüsusi fərqlənən istedadlı gənclərə “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunmasının gənclərə olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.

Gənclərin elmi potensialının artırılması istiqamətində AMEA-da həyata keçirilən layihələrdən, onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan stimullaşdırıcı tədbir və elmi müsabiqələrdən bəhs edən L.Nəcəfova akademiyada magistratura pilləsi üzrə təhsilin yaradılmasının bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu bildirib. O, son illər müxtəlif elmi müəssisələrdə tələbə və gənclər təşkilatlarının, gənc alim və mütəxəssislər şuralarının yaradılması və inkişafı, gənclərin sosial problemlərinin həlli, beynəlxalq əməkdaşlıq sahəsində layihələrinin həyata keçirilməsi, qrant layihələrin təşkili, mötəbər tədbirlərin, forumların keçirilməsi istiqamətində görülən işlərdən ətraflı şəkildə bəhs edib.

Çıxışının sonunda İSİ-də gənclərə göstərilən diqqət və qayğıdan bəhs edən L.Nəcəfova şura üzvləri adından institut rəhbərliyinə təşəkkürünü bildirib, gənclərə yeni elmi nailiyyətlər arzu edib.  

Daha sonra İSİ-nin “SİNAM” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində yerinə yetirdiyi “Smart kənd həlləri və smart təhsil” layihəsinin rəhbəri Tural Möhsümzadə çıxış edib. O, Zəngilanın Ağalı kəndində uğurla tətbiq edilən texnoloji yeniliklər, o cümlədən kəndin idarəetmə sistemi, İoT proqram platforması və sensorlar, situasiya mərkəzi, Smart Təhsil proqram təminatı, Smart Təhsil avadanlığı, e-tibb və s. barədə ətraflı məlumat verib. Qeyd edib ki, təhsil prosesinin idarə olunması və monitorinqinin təmin olunması, təhsil kontentinin çatdırılmasıdan ibarət olan “Smart School” tətbiqi proqram platforması vastiləsilə müasir tədris prosesinin təşkili, təhsil kontentinin sürətlə və effektiv şəkildə yerləşdirilməsi və təhsil sahələrinə təqdim olunması, bilik səviyyəsini qiymətləndirmək üçün müxtəlif metodların aparılması və s. mümkündür.   

Kəndin mühasibatlıq sistemi, optik internet və ağıllı dirək inftrastrukturları, yaşayış binalarında ağıllı texnologiyalar və “Yurdum” coğrafı məlumatlandırma sistemindən bəhs edən T.Möhsümzadə artırılmış reallıq texnologiyası əsasında hazırlanan “Yurdum” mobil tətbiqinin kəndin maraq kəsb edən obyektlərinin rəqəmsal xəritədə əks edilməsi və onların qrafik obrazlarının “Machine learning” süni intellekt sistemi ilə tanınması üçün emal edildiyini bildirib.

Sonra GAMŞ sədr müavini, kiçik elmi işçi Rüstəm Əzimov Karl Popperin elm fəlsəfəsinə əsaslanaraq gənclərin elmə cəlb olunması yollarından bəhs edib. Qeyd edib ki, elmi metodika təkcə texniki sferada yox, ictimai-sosial həyatda da münaqişələrin müzakirələrə, müzakirələrin məhsula çevrilməsinə təkan verə bilər. Bu baxımdan gənclərin elmə cəlb olunmasının, Azərbaycan elminin dünya miqyasında tanıdılmasının, gənc nəslin prioritet elmi sahələrdə yeni tədqiqatlara cəlb olunmasının önəmini vurğulayan R.Əzimov sözügedən sahədə mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən bəhs edib. Gənclərin elmdən uzaqlaşma səbəblərinin maddi faktorlarla məhdudlaşmadığını qeyd edən R.Əzimov gənc nəsildə elmi sahələrə maraq aşılanması, əldə olunan elmi nəticələrin səmərəliyinin yoxlanılması və praktikada tətbiqinin önəmini vurğulayıb.

Tədbirdə r.e.d. İlqar Məmmədov və elmi işçi Səyyarə Hidayətzadə çıxış edərək institutda gənclərə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib, onlara elmi fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzu ediblər.

Daha sonra elmi və ictimai fəaliyyətilə fərqlənən gənclər 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunub.

Tədbirin sonunda GAMŞ üzvləri arasında “İnstitutumuzu tanıyaq” adlı viktorina keçirilib və qaliblər mükafatlandırılıb.