“Qardaş Azərbaycan Türkiyəyə yenidən yardım üçün hərəkətə keçib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu humanitar yardım göndərib”.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” kanalının hazırladığı süjetdə bildirilib.
Reportajda zəlzələdən zərər çəkənlərə göstərilən yardımlardan danışılıb və dost, qardaş ölkə Azərbaycanın dəstəyinə görə seçildiyi vurğulanıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan itkilərinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.
Bildirilib ki, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıran xüsusi təyyarə bu gün Türkiyəyə eniş edib. Türkiyəyə ezam edilən fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdırıblar.