“Turan Tovuz”un Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində ev oyununda “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olub.

"Unikal" idman.biz-ə istinadən xəbər verir ki, nominal ev sahiblərinin baş məşqçisi Kurban Berdiyev qarşılaşmadan sonra jurnalistlərə açıqlama verib.

Təcrübəli çalışdırıcı məğlubiyyətlə bağlı fikirlərini belə ifadə edib: “Bərabər gücdə olan komandaların duelində həlledici anlar böyük əhəmiyyət kəsb edir. Bəzən standart vəziyyətlərdə və ya müəyyən epizodlarda diqqətsizlik baş verir. Təəssüf ki, künc zərbəsindən sonra qapımızda qol gördük. Yaranan fürsətləri dəyərləndirə bilmədik".

O həmçinin bəzi futbolçularla bağlı da danışıb: “Serrano ilə yanaşı, Jo, Filip Ozobiçi, Enrikeni də gözləyirik. İbrahima Vadji isə hələ 90 dəqiqə oynamağa tam hazır deyil. Çünki hazırlıq toplanışında iştirak etməyiblər. Ümid edirəm ki, qarşıdakı oyunlarda komandaya kömək edəcəklər".

Baş məşqçi zədədən əziyyət çəkən Denis Marandiçin durumuna da aydınlıq gətirib: “Denis yenidən əməliyyat olundu. Şükürlər olsun ki, əməliyyat uğurlu keçdi. Hazırda əsa ilə gəzir, artıq yavaş-yavaş ayağını yerə basa bilir. Qış fasiləsindən sonra komandaya qoşulması gözlənilir".

Sonda Berdıyev heyətdəki yeniliklər və komandanın gələcək planlarından danışıb: “Yeni oyunçuları əsas heyətdə oynatmaq üçün transfer etmişik. Onlar yetərincə formada olsalar, start heyətində yer alacaqlar. Ehtimal var ki, oyun sistemimizdə dəyişiklik edək. Çempionatın əvvəlidir, mövsümün sonuna doğru vəziyyətə daha aydın baxacağıq”.