Fevralın 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Kərgəlan kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirib.
"Unikal" xəbər verir ki, tədbir öncəsi icra başçısı şəhid Cəfərzadə Eşqin Hamlet oğlunun abidə kompleksini ziyarət edib, önünə tər güllər düzüb.
Taleh Qaraşov dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin güclənməsi, insanları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşılması və birbaşa dialoqun təmin olunması üçün yerlərdə həyata keçirilən səyyar qəbul-görüşlərin əhəmiyyətindən danışıb.
İcra başçısı qeyd edib ki, hər görüşdən sonra qaldırılan məsələlər aidiyyəti şöbələr tərəfindən araşdırılır, icra hakimiyyətinin səlahiyyətlərinə aid edilən və obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmaq üçün bütün imkanlardan istifadə edilir. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə yuxarı qurumlara rəsmi müraciətlər ünvanlanır. Səyyar qəbul-görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərin nəticəsi barədə şəxsən ona məruzə edilir. Qeyd edək ki, bütün səyyar qəbul-görüşlərdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, əlaqədar təşkilatların və xidmət sahələrinin nümayəndələri də iştirak edirlər. Bu isə öz növbəsində obyektiv qaldırılan məsələlərin yerində və birbaşa həllinə bilavasitə şərait yaradır.
Yerli insanlar fikir və istəklərini heç bir maneə olmadan rayon rəhbərliyinə çatdıra bildikləri, idarə və müəssisələrin rəhbər işçilərinin qəbul-görüşdə iştirak etməsinin onların qaldırdıqları məsələlərin həllinə yerindəcə baxılmasını təmin etdiyi üçün məmnunluqlarını ifadə ediblər.
Eyni zamanda, Kərgəlan camaatı dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yaşadıqları ərazidə quruculuq və abadlıq işlərinin aparılmasına, maaş və təqaüdlərin artırılmasına, habelə sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə minnətdarlıqlarını bildiriblər.