Yevlax rayonunda yeni beton kanal çəkilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Yevlax rayonunda meliorativ tədbirlər uğurla davam edir. Görülən işlər nəticəsində hər il rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması yaxşılaşdırılır. Yevlax Suvarma Sistemləri idarəsi Yevlax rayonunun 42400 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edir. Əkin sahələri 2 üsulla, mexaniki və özü axımı ilə suvarılır. Öz axımı ilə 29496 hektar, mexaniki üsulla isə 12901 hektar. Mexaniki üsulla suvarma 41 ədəd nasos stansiya vasitəsilə həyata keçirilir. İdarənin əsaslı təmir hesabına Aran, Aran-2 və Malbinəsi nasos stansiyalarında elektrik avadanlıqları yenilənib, torpaq məcralı Qum kanalında 1 km, Salahlı beton kanalında 0,5 km hissəsində üzərindəki qurğularla birlikdə əsalı təmir olunaraq istifadəyə verilib. Görülmüş işlər nəticəsində su itkisinin qarşısı alınıb. Hazırda torpaq məcralı kanala beton üzlük çəkilir.
Əkin sahələrini mütəşəkkil, vaxtında və normasında suvarma suyu ilə təmin etmək məqsədilə ötən il ərzində bir sıra işlər görülüb. Belə ki, cari təmir işləri hesabına rayonun əksər kəndlərini əhatə edən torpaq məcralı suvarma kanallarında 425 km uzunluğunda, kollektor-drenaj sistemində isə 300 km uzunluğunda lildən təmizləmə işləri yerinə yetrilərək su ötrücülüyü yaxşılaşdırılıb. Ümümilikdə idarənin öz gücünə 1380 min m3 həcmində lildən təmizləmə işləri aparılıb. Bundan başqa rayon ərazisində müxtəlif kəndlərdə yerləşən 38 stasionar nasos stansiyada və 89 subartezian quyularında mexaniki və elektrik avadanlıqlarında yaranmış nasazlıqlar cari təmir hesabına təmir işləri aparılaraq saz vəziyyətə gətirilib.
Qeyd edək ki, Yevlax rayonunda əsas su mənbələri Kür çayı, Əlican çayı, Tərtər çayı, Yuxarı Qarabağ Kanalı, Yuxarı Şirvan Kanalı və subartezian quyularıdır.