Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə dağıntılara səbəb olub. Minlərlə insanın həyatını itirdiyi zəlzələlərdən sonra 10 əyalətdə 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.
"Unikal" xəbər verir ki, dünyaca məşhur adlar Türkiyədə böyük dağıntılara səbəb olan zəlzələlərə səssiz qala bilməyiblər. Belə ki, Türkiyə üçün yardım çağıran Livan əsilli isveçli müğənni Maher Zain Kahramanmaraşa gələrək zəlzələdən zərərçəkənlərə yardım işlərində iştirak edib.
O, bu barədə "Instagram" hesabında paylaşım edib. Şəhərin mərkəzində olduqlarını və bir çox binanın dağıldığını qeyd edən Zain, "Bura böyük zəlzələnin episentridir. Yüz minlərlə insan evsiz qalıb. Bacardığımız qədər kömək etməliyik", - deyə çağırış edib.
Daha əvvəl sosial media hesabında ianə kampaniyalarına dəstək verən sənətçinin paylaşımları dünyanın müxtəlif yerlərindən gələn müsbət şərhlər və dəstək mesajları diqqət çəkib.