Fövqəladə


Bakıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvə və vasitələrinin iştirakı ilə genişmiqyaslı «Xəzər-2013» taktiki təlim başlayıb.

Təlim üç komponent – yer, hava və dəniz üzrə keçirilir.

Təlimdə FHN əməkdaşları tərəfindən müxtəlif xilasetmə epizodları icra olunur.

Təlimi Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi, bu təşkilatın təşəbbüsü ilə Azərbaycanda keçirilən beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumlarının nümayəndələri, Azərbaycandakı diplomatik korpusun təmsilçiləri, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabit heyəti izləyir.

Təlimdən əvvəl Azərbaycan FHN-in inventarındakı avadanlıqlar və texnikalar, xüsusi şəraitlər üçün nəzərdə tutulan çadırlar, zirehli transportyorlar, minik vasitələri, o cümlədən motosikletlər, xüsusi vasitələri qonaqlara nümayiş olunub.