"İlk dəfə Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərləri Münxen Təhlükəsizlik Konfransında bir paneldə çıxış etdilər. Bu, Cənubi Qafqazda sülhün, əminamanlığın və təhlükəsizlik arxitekturasının qurulması baxımından vacib görüş idi".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov deyib. Komitə sədri bildirib ki, görüşlər zamanı sülh müqaviləsinin imzalanması ilə bağlı məsələ xüsusi vurğulanıb:
"Cənab Prezident görüş zamanı qeyd etdi ki, sülh çağırışlarımıza Ermənistandan cavab almışıq. Doğrudur, hər şey bizi qane etməsə də, irəliləyiş var. Sülh müqaviləsinin imzalanması ilə bağlı məsələ xüsusi vurğulandı. Bu, nə qədər tez olsa, yaxşıdır. Digər tərəfdən, Qarabağ məsələsinin sülh müqaviləsində olmaması məsələsi qeyd olundu. Ona görə ki, Qarabağ Azərbaycanın ərazisidir və müzakirə obyekti deyil. ABŞ tərəfi də buna etiraz etmir. Bütün dünya Qarabağı və Şərqi Zəngəzuru Azərbaycanın tərkib hissəsi hesab edir. Sadəcə Ermənistan beynəlxalq platformalardan öz mənafeyi üçün istifadə etməyə çalışır. Dünyanın harasıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında gəlin, bir-birimizə nifrət etməyək, müharibə ritorikası ilə danışmayaq, mehriban qonşu olaq kimi ifadələr işlədir. O çıxışı zamanı mələk donuna girmişdi. Sanki Xocalı soyqırımını, Malıbəyli, Qaradağlı və digər faciələri törədənlər bunlar deyil. Bunlar xarici konfranslarda özlərini yazıq kimi göstərirlər. Amma nə qədər mülki şəxslərimizi qırıblar. Ərazilərimizə minlərlə minalar döşəyiblər. O zaman Paşinyan niyə bundan danışmır? Ermənsitanın baş naziri deyir ki, gəlin nifrəti kənara qoyaq. Guya, Azərbaycan bunlara nifrət edir. Halbuki Ermənsitanda anadan olan hər bir uşağa deyirlər ki, azərbaycanlı sənin düşmənindir. Belə ikiüzlülük olmaz.
İşləri çətinə düşəndə beynəlxalq auditoriya qarşısında özlərinə xal qazanmağa çalışırlar. Cənab Prezident çıxışı ilə onların iç üzünü açdı. Onlara sübut etdi ki, sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər. Azərbaycan tərəfi ötən ilin martından 5 prinsipdən ibarət sülh müqaviləsinin mətnini bunlara verib. Əvvəlcə razılaşdılar, sonra isə ritorikanı dəyişdilər. Müxtəlif bəhanələrlə sülh müqaviləsinin bağlanmasını uzatamağa başladılar".
Z.Əsgərov qeyd edib ki, bu cür görüşlərin olması faydalıdır: "Amma konfransa gələn dövlətlər səmimi olsunlar. Münxen Təhlükəsizlik Konfransı 1963-cü ildən başlayaraq keçirilir. Amma dünyada təhlükəsizliklə bağlı vəziyyət hələ yerində deyil. Müharibələr gedir, ərazi iddiaları və s. Bütün dövlətlər o konfransa səmimiyyətlə gəlmirlər. Bir çoxları öz mənafeləri üçün gəlir. Amma Azərbaycan bu görüşlərin hər birində səmimi olub".
Deputat Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifinə də münasibət bildirib:
"Bizim ərazimizə daxil olanların nə aparıb-gətirdikləri, gedib-gələnlərin təhlükəsizliyi baxımından həmin maşınlar yoxlanılmalıdır. O zaman biz sərhəddə öz buraxılış məntəqələrimizi qoyuruq və Qarabğ ərazisinə daxil olan hər bir maşın yoxlanılmalıdır. Bunun başqa yolu yoxdur. Ermənsitan fikirləşsin. 2020-ci ilin noyabr ayında imzalnan bəyannamənin 9-cü maddəsində göstərilib ki, Xankəndiyə gedib-gələn maşınların təhlükəsizliyini Azərbaycan öz üzərinə götürür. Bu təhlükəsizliyi təmin etmək üçün həmin maşınları yoxlamalıyıq. Həmin maşınlarda silahlar, terroristlər, minalar aparılır. Niyə imkan verilmir ki, Azərbaycan o təhlükəsizliyi təmin etsin? Həmin maşınlar yoxlanılmır, onunla belə buna blokada deyirlər. Orada Vardanyan kimi Moskvadan göndərilmiş bir şəxsin hansı oyunlardan çıxması da qeyd olundu. Vardanyan kimilər Azərbaycanın Qarabağ ərazisində var-dövləti talan edir, bizim ekofəallar da buna etiraz edirlər. Orada blokadan danışırlar. Əgər bu günə qədər həmin yoldan 2500-dən çox avtomobil keçibsə, bu necə blokada ola bilər? Ermənsitan tərəfinin dediyində məntiq yoxdur. Yalanı uydururlar, sonra isə onun girovuna çevrilirlər və əsaslandıra bilmirlər. Ermənsitan bəyannamənin müddəalarını yerinə yetirmir. Biz hər zaman sülh müqaviləsinin imzalanmasına hazırıq. Ermənistan hər dəfə bir bəhanı ilə sülh müqaviləsini uzadacaqsa, o zaman başqa tədbirlər də görə bilərik. Onu isə zaman göstərəcək".
Anar Kəlbiyev