"Ölkə boyu 2007-ci ilə qədər verilən bələdiyyə torpaq sənədlərinin tanınması və onlar üzrə işlər aparılması ciddi problemə çevrilib. Vətəndaşlar evlərini, sahibkarlar bizneslərini qanuniləşdirə bilmir. Vətəndaş və sahibkarlar mülkiyyətlərini kapital kimi istifadə edə, girov qoya, kredit götürə bilmir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. O bildirib ki, rayonlar üzrə elektron xəritələrin gecikdirilməsi normal inkişaf və planlaşdırma üçün ciddi problemlər yaradır:
"Bələdiyyələr xəritə olmadan öz torpaqlarını necə tanısın, icarəyə versin və idarə etsin? İllərdir eşidirik ki, elektron xəritələr təqdim ediləcək. Bu məsələnin bir izahı varmı? Mən istərdim ki, Əmlak Məsələləri üzrə Dövlət Xidməti və onun tabeçiliyində olan xidmətlər bu problemlərə aydınlıq gətirsinlər. Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeçiliyində olan reyestr xidməti torpaq, əmlak çıxarışları üçün iki dəfə - 125 və 235 manat, ümumilikdə 360 manat ödəniş alır. Sonuncu mərhələdə imtina verilir və ödəniş geri qaytarılmır. Əminəm ki, onlar çox gözəl də bilirlər ki, konkret yerlər üzrə təqdim edilən sənədlər sonunda geri qaytarılacaq və yüzlərlə təcrübə var. Konkret yerlər üzrə problemlər onlara məlumdur. Bəs onda o sənədləri niyə qəbul edib sonra da imtina edirsiniz? Vətəndaşlar mənə deyir ki, yəqin oyunlar 360 manatın başındadır".
Anar Kəlbiyev