İranlı deputat Siyavuş Novruzovu "duel"ə çağırdı
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Azərbaycanın millət vəkili Siyavuş Novruzovdan əl çəkmir. Modern.az saytının məlumatına görə, Mənsur Həqiqətpur Siyavuş Novruzova növbəti məktub ünvanlayıb və ona Araz çayının kənarında Novruz bayramını birgə qeyd etməyi təklif edib. Kifayət qədər həyasız tonda yazılan budəfəki müraciətdə Həqiqətpur özünəməxsus “tarix yazmağa” cəhd edib. Mənsur Həqiqətpur Siyavuş Novruzova ünvanladığı müraciətdə ona gah “sən”, gah da “siz” deyə xitab edir.

“Novruz bayramını birgə qeyd edək”

“Yadınızdan çıxmasın ki, Novruz gününə Araz çayının kənarında görüş təyin etmişik; razılaşmışıq ki, qardaşyana elmi söhbətlər edək. Həmin gün təzə paltar geyinməyi unutma. Yəqin ki, Novruzun adət-ənənələrini bilirsən”-deyə mesaj göndrən iranlı deputat Siyavuş Novruzova sakit olmağı, əsəblərini cilovlamağı məsləhət görüb.

“Ümidvaram mənimlə debata girdiyinizə peşman olmamısınız. Hər halda, məntiqli bir debat qaydalarına görə, ya iddialarınızı sübuta yetirməli, ya da razılaşdığınızı bildirməlisiniz. Tövsiyə edirəm ki, aşkar xüsusiyyətiniz kimi görünən əsəbilikdən çəkinəsiniz. Çünki əsəbiləşərək Badkubənin möhtərəm parlament üzvünə yaraşmayan sözlər yazmanız mümkündür”.

Siyavuş Novruzovun ötən dəfəki sərt cavabı cənab Həqiqətpura möhkəm yer edib. S.Novruzova xitabən “əziz qardaşının” kobudluq etdiyini yazan iranlı həmkarı daha sonra mətləbə dəxli olmadan mövzunu dəyişərək “əziz azərbaycanlı bacı və qardaşlarına” olan münasibtini otaya qoyur.

“Mən sənə onlarla elmi mövzu ünvanlayıb dedim ki, öz ana dilinizdə və əlifbanızda debata və yazışmaya hazıram. Əgər öz ana diliniz və əlifbanız da sizə çətin gəlirsə, buna da kömək edə bilərəm”-deyə İranlı deputat bildirib”.
“Öz ana diliniz” ifadəsi ilə isə iranlı deputat saxta vətənpərvərliyinə və ana dilinə olan istehzalı münasibətini ortaya qoyur.

“Məmmədrəfi Məmmədovu tanıyırsanmı?”

Daha sonra İranın Ermənistana yardımı barədə ittihamlara toxunan Həqiqətpur 90-cı illərin əvvələrində Azərbaycanın apardığı hərbi əməliyyatlarda iranlı hərbiçilərin iştirak etdiyini bildirib. Bunu təsdiq etmək üçün iranlı deputat Azərbaycanın keçmiş müdafiə naziri Məmmədrəfi Məmmədovun adını çəkir.

“Qarabağ və ermənilərə yardım haqda danışmısan. Əgər sənə bir ünvan versəm, Badkubənin parlament deputatı kimi onu araşdırarsanmı? Məmmədrəfi Məmmədovu tanıyırsanmı? İndiyədək Azərbaycan Nazirlər Kabinetinin üzvü olan cənab dayı sənə Qarabağ haqda danışmayıb? Sizin dövlət televiziyanız bizdə olan bəzi filmlərin yayımına icazə verərmi? Siz bir deputat kimi dövlət qurumlarından və ölkənizin ordusundan Qarabağ həqiqətlərinə dair bəzi filmləri ala bilərsinizmi?”.

“Bilirsənmi sizin hansı məmurlarınız Xankəndidən, Xocalıdan, Gəncədən qaçıb?”

Həqiqətpur məktubunda daha sonra Qarabağ müharibəsi zamanı rayonların itirilməsi ilə bağlı prosesə işarə edərək bir sıra məsələlərə toxunub.

“Bilirsənmi sizin hansı məmurlarınız Xankəndidən, Xocalıdan, Gəncədən və digər yerlərdən qaçıb, bir dəqiqə müqavimət göstərmədilər? Mən sizin halınıza acıyıram; ya həqiqəti bilmirsiniz, ya da deyirlər ki, bilməyin. Badkubə parlamentinin siz möhtərəm deputatları indiyədək Qarabağın azadlığı istiqamətində hansı qanunları qəbul etmisiniz? Əgər cürətin və sədaqətin varsa, Qarabağ haqda geniş diskussiyaya və fikir mübadiləsinə hazırıq”-deyə Həqiqətpur sonda yazıb.