Türk generalları və Kreml görüşləri
13:21 14-03-2013
CƏMİYYƏT
Regionda gərginlik anlaşılmaz formada davam edir
Son iki ay ərzində Rusiyanın Ermənistanı həddindən artıq çox silahlandırması artıq regionda hərbi balansın açıq şəkildə pozulması ilə müşahidə olunur. Özüdə bu elə bir zamanda baş verir ki hər zaman atəşkəsin pozulması reallığı ortadadır. Bu isə sözsüz ki, həm Azərbaycanı , həm də qərbi ciddi şəkildə narahat edir. Buna görə indidən artıq bir sıra rəylər bildirilməkdədir. Əksəriyyət hesab edir ki, Azərbaycan təxirəsalmadan Türkiyə ilə hərbi əməkdaşlığı ən yüksək həddə çatdırmalı, bir qism isə hesab edir ki, Azərbaycan BMT-dən regiona sülhməramlıların göndərilməsini tələb etməlidir. Amma ekspertlər hesab edir ki, hazırda ən realı Türkiyə ilə əməkdaşlığı dərinləşdirməkdir. Bu arada 7 Türkiyə generalının Azərbaycana gəlməsi də birmənalı qarşılanmadı. Belə ki, Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, nümayəndə heyətində quru qoşunları, hərbi hava, hərbi dəniz qüvvələri, Silahlı Qüvvələrin Baş Qərargahının və digər qoşun növlərinin 21 zabiti təmsil olunur, onlardan 7-si generaldır.
Martın 15-dək davam edəcək səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi qurumlarında görüşlər keçiriləcək. Görüşlərdə qarşılıqlı hərbi əməkdaşlığın müxtəlif aspektləri üzrə müzakirələr aparılacaq.
7 generalın Bakıya gəlməsinə hərbi ekspert Üzeyir Cəfərov bir sıra məqamlarla aydınlıq gətirir. Onun “Unikal”a dediyinə görə öncələrdə Türkiyə hərbçilərinin Azərbaycana sistemli səfərləri olurdu. Amma ilk dəfədir ki, bu qədər geniş tərkibdə bir heyət gəlir ki, onların da 7 nəfəri generaldır. Ekspert bildirir ki, gələnlərin hərbi məktəblərdə, təlim bazalarında və bəzi hərbi hissələrdə olacağı gözlənilir. Bunu da qeyd edək ki, bəzi ekspertlər də hesab edir ki, generalların Bakıya gəlməsi baş verən siyasi proseslərlə bağlıdır. Amma Üzeyir Cəfərov bunu tam olaraq Rusiya-Ermənistan əməkdaşlığına cavab kimi dəyərləndirmir:-“Hesab etməyək ki, bu səfər hansısa müharibənin başlama təhlükəsi ilə bağlıdır. Əsla,bu belə deyil. Sadəcə olaraq iki ölkə arasında strateji hərbi əməkdaşlıq var və buna uyğun olaraq da belə addımlar atılır. Bundan başqa bu həm də bir mesaj kimi qəbul olunmalıdır. Bu mesajla Türkiyə bir daha nümayiş etdirir ki, hər zaman Azərbaycanın yanında olacaq. Bu isə kifayət qədər ciddi məsələdir”. Ekspert bunu da bildirir ki, bu səfərin Rusiya və Ermənistan prezidentlərinin görüşdüyü bir zamanda olmasıda təsadüfi deyil. Düzdür hər iki ölkə prezidentləri bəyan etdilər ki, görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olunmayıb.Amma ekspert bildirir ki, görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub və ən yüksək səviyyədə. Sadəcə olaraq görünür hansısa məqamlara, planlara görə bunu qapalı saxlayırlar. Onun sözlərinə görə Türkiyə generallarının gəlməsi həm də bununla bir başa bağlıdır:-“Türkiyə oturuşmuş bir ölkədir və orda proseslər öncədən təhlil edilir və hər zaman qabaqlayıcı addımlar atılır. Bu səfərdə məhz bu cür proqnozlaşdırılmış bir səfərdir. Və bunun real nəticələri də olacaq”. Bu arada başqa bir politoloqda Üzeyir Cəfərovun dediklərini təsdiqləyən açıqlama ilə çıxış edib.
“Mətbuatda bildirilməsə də Putin Sərkisyanla Qarabağ məsələsini müzakirə edərək ona xüsusi tapşırıqlarına verib”. Bu fikiləri politoloq Vəfa Quluzadə Rusiya prezidenti Vladimir Putinin erməni həmkarı Serj Sərkisyanla ötən gün Moskvada baş tutan görüşündə Dağlıq Qarabağ münaqişəsinə dair məsələnin nə üçün müzakirə edilməməsini şərh edərkən bildirib.
Politoloqun fikrincə, Putin mətbuat vasitəsilə bu haqda danışmasa da onun ənənəvi mövqeyi dəyişilməz olaraq qalır. “Putin indiki vəziyyəti məqbul hesab edir. Nə hərb, nə də sülh. Azərbaycanla Ermənistan Rusiyadan tamamilə aslı vəziyyətdədir. Ona görə də Putinin mövqeyi belədir”.
V.Quluzadənin sözlərinə görə, Putinlə Sərkisyan Qarabağ məsələsini gizli müzakirə edib. “Ona göstərişlərini verib ki, Qarabağ məsələsində özünü necə aparsın. Putin göstəriş verib ki, Qarabağ məsələsi həll olunmasın. Moskvanın mövqeyi olduqca iyrəncdir. Amma onlar bunu gizlədir. Bunun da əsas səbəbi odur ki, Qarabağın işğalını Rusiya özü həyata keçirib”-deyə V.Quluzadə vurğulayıb.
Qeyd edək ki, ikinci dəfə prezident seçildikdən sonra Serj Sərkisyan ilk rəsmi səfərini Rusiyaya edib. Səfər çərçivəsində prezident Putinlə görüşdə ölkələrarası əməkdaşlıqla bağlı məsələlər müzakirə edilsə də Dağlıq Qarabağ münaqişəsinə toxunulmayıb.
Digər Xəbərlər
2024-10-31 22:45:52
2024-10-31 21:29:55
2024-10-31 19:54:39
2024-10-31 19:30:56
2024-10-31 19:07:34
2024-10-31 19:05:00
2024-10-31 18:29:37
2024-10-31 18:16:27
2024-10-31 17:37:34
2024-10-31 17:21:00
2024-10-31 16:11:00
2024-10-31 15:25:00
2024-10-31 15:05:00
2024-10-31 14:52:28
2024-10-31 14:33:20
2024-10-31 14:27:27
2024-10-31 14:24:00
2024-10-31 14:20:51
2024-10-31 14:13:00