"Azərbaycanda əsirlikdə olan və 2021-ci ildə ölkəsinə qayıdan Ermənistan ordusunun hərbi qulluçusu, mayor A.N. 20 min dollar qarşılığında Azərbaycan xüsusi xidmət orqanlarına işləməyə başlayıb. O, gizli məlumatları Azərbaycana ötürüb".

"Unikal" xəbər verir ki, bu məlumatı Ermənistan KİV-ləri yayıb.

Qeyd olunur ki, mayor Ermənistan Cinayət Məcəlləsinin 299-cu (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Dövlətə xəyanətdə təqsirləndirilən mayorun işinin təfərrüatları barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Ermənistan KİV yazır ki, 2021-ci ilin sentyabrına qədər Bakıdakı həbsxanalardan birində cəza çəkən A.N. Azərbaycanla əməkdaşlıq haqqında yazılı müqavilə imzalayıb:

"O, Ermənistana qayıtdıqdan sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kommunal xidmət rəisi təyin olunub. Burada o casusluqla məşğul olub və məxfi məlumatların ötürülməsinə görə 20,2 min dollar alıb".