Avropa


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 14-də Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun iddiası ilə bağlı qərarını açıqlayıb.

Bu barədə APA-ya Əli İnsanovun vəkili Toğrul Babayev bildirib.

T. Babayev qərarda Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddialarının təmin edildiyini bildirib: “Əgər Azərbaycan tərəfi Avropa Məhkəməsinin Böyük Palatasına bu qərardan şikayət verməsə, o zaman qərar icraya yönəldilməlidir. İcra ilə bağlı məsələ isə Ali Məhkəmənin qərarından asılı olacaq”.

Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu qeyd olunub.

Qeyd edək ki, 2005-ci ilin oktyabr ayında həbs olunan Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.