Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır.
Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.