Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa qarşı sui-qəsd olub. O, evinin yaxınlığında güllələnib. Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
"Unikal" deputatın güllələnməsinə ictimai-siyasi xadimlərin reaksiyasını təqdim edir:
Milli Məclisin deputatı Etibar Əliyev özünün sosial şəbəkə hesabında yazıb: "Dəyərli Fazil bəyə atılan güllə hər birimizə atılan güllədir…"
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev yazıb: "Deputat həmkarım Fazil Mustafaya edilən sui-qəsdin sifarişçi və icraçılarını şiddətlə pisləyirəm. Son günlər Azərbaycanda siyasi sabitliyi pozmaq və məkrli düşmənçilik planlarını həyata keçirmək üçün cəhdlər çoxalıb. Bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Hüquq-mühafizə orqanları 24 saat keşikdədir və cinayətkarları bir neçə saat ərzində zərərsizləşdirə biliblər. Yenə də belə olacaq. Düşmən dövlətlər və daxilimizdə olan xainlər, agentlər ölkəmizi sarsıda bilməyəcəklər. Xalqımızın səyi və siyasi həmrəylik mühitində düşmənlərimizə qalib gələcəyik. Fazil bəyə acil şəfalar diləyirəm. Bu cür xain terrorrlar xalqımızın və dövlətimizin iradəsini sındıra bilməz. Hamımız bir olmalı və xainləri xar etməliyik!"
Milli Məclisin deputatı Qənirə Paşayeva: "Hüquq mühafizə orqanlarımız gərəkən tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaqdır. Hörmətli Fazil bəyin ictimai-siyasi fəaliyyətinə yaxından bələd olanlar onun hansı dəyərləri müdafiə və təbliğ etdiyini, xurafata qarşı açıq mətnlə mübarizə apardığını yaxşı bilir. İnşallah tezliklə sağlamlığına qovuşar və qaldığı yerdən mübarizəsinə davam edər! Yastığı yüngül olsun!"