“İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır.
Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir”. Bu sözləri möhtərəm Prezident İlham Əliyevin cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini qəbul edərkən deyib. Artıq Laçın azaddır və Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. 2023-cü ildə laçınlılar Laçına, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar. Bu gün dövlətimiz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub. Biz mövqelərimizi gücləndiririk.
Laçın rayonunun təhlükəsizliyi ilə bağlı mühüm addımlar atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Laçın şəhərində işlər ötən ilin avqustin 26-dan sonra başlayıb. Ötən ilin sentyabrında dövlət başçısı İlham Əliyevin Laçın rayonuna səfəri Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. O da məlumdur ki, Laçın rayonu hərbi-siyasi yolla işğaldan azad edilib. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən Laçın rayonu 1 dekabr tarixində boşaldıldı. Ondan sonra rayonun bərpa-quruculuq dövrü başlandı. Dövlət başçısı İlham Əliyev qısa dövrdə görülən genişmiqyaslı işlərdən geniş bəhs edərək bildirdi ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur.
Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur, 30-dan çox ictimai bina inşa edilir. Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdiriləcək. Dövlət başçısı cənab İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğaldan azad edilən ərazilərimizdə tətbiq olunan yeni idarəetmə üsulunun nəticələrindən bəhs edərək belə bir əminliyi də ifadə etdi ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov