Bakı Mühəndislik Universitetində (BMU) “YENİ Klub”un təsis toplantısı keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov dövlətin uğurlu gənclər siyasətindən ətraflı bəhs edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin elm, təhsilinə hərtərəfli dəstəyin verildiyini, formalaşan gənc kadrların ölkəmizin inkişafına töhfələr verdiklərini vurğulayan Havar Məmmədov eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün müstəqillik dönəmində görülən işləri xüsusi qeyd edib. 44 günlük Vətən müharibəsinin ölkəmizdə güclü vətənpərvərlik hisslərinin daşıyıcısı olan, savadlı, milli ruhda tərbiyə almış gənc nəslin formalaşdığını bir daha isbat etdiyini önə çəkən rektor müasir gəncliyin ulu öndər Heydər Əliyev siyasi məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələri olduğunu bildirib.
BMU-da gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların şəxsiyyət kimi yetişməsi üçün görülən işləri sadalayan Havar Məmmədov universitetdə tələbələrin sosial-ictimai həyatının təşkilində mühüm rol oynayan Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi, həmçinin müxtəlif tələbə klublarının səmərəli fəaliyyətindən söz açıb. Rektor BMU-da gənclərin karyera məsələlərinin xüsusi diqqət mərkəzində saxlanıldığını, məzunların işlə təmin olunması göstəricinin yüksək olduğunu nəzərə çatdırıb və yeni yaradılan Klubun universitetin Müəssisələrlə əlaqələr və karyera departamenti ilə əlaqələli fəaliyyəti, həmçinin bir sıra məsələlərlə bağlı tövsiyələrini verib.
“YENİ Klub”un gənclərin inkişafına təkan verəcəyinə, onların həyatında mühüm mərhələ açacağına ümidvar olduğunu söyləyən Havar Məmmədov Klubun fəaliyyətinə uğurlar arzulayıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə çıxışında ölkənin ali təhsil müəssisələrində təsis olunan “YENİ Klub”ların fəaliyyətinə diqqət çəkib. Sədr bildirib ki, bu klublar tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsində, çoxşaxəli layihələrin reallaşdırılmasında aktiv rol oynayacaq.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev də ölkədə gənclər siyasətinin prioritet istiqamətlər sırasında yer aldığını, gənclərin inkişafının dövlət tərəfindən hər zaman dəstəkləndiyini bildirib. YAP-ın bu siyasətə müxtəliq proqram və layihələr vasitəsi ilə böyük töhfələr verdiyini deyən Abbas Əliyev “YENİ Klub”un tələbələrin təhsildən sonrakı peşəkar fəaliyyətlərə hazırlanması mühüm töhfələr verəcəyini söyləyib.
Daha sonra “YENİ Klub”un rəhbəri Adəm Babayev, koordinatorlar- Cavad Məmmədli, Rəvan Hacıyev, Aişə Məhərrəmova təqdimatlarla çıxış ediblər. Təqdimatlarda “YENİ Klub”un fəaliyyəti, məqsədləri, istiqamətləri, həyata keçiriləcək layihələr (yarışlar, müsabiqələr, təlimlər, xarici dillərdə tədbirlər) və s. haqda ətraflı məlumat diqqətə çatdırılıb, digər ali təhsil müəssisələrinin nəzdindəki klublarla birgə fəaliyyətin əsas istiqamətlərinə toxunulub.