Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Müdafiə Sənayesi Nazirliyinin Azərbaycan Milli Aerokosmik Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov imzalayıblar.
"Unikal" xəbər verir ki, Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadovun rəhbərlik etdiyi nümayəndə heyəti AzMİU-da olub.
Qonaqları görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitet haqqında geniş məlumat verib. Rektor qonaqlara AzMİU-nun tədris istiqamətləri, mütəxəssis hazırlığı, elmi-tədqiqat sahələri, eləcə də kadr potensialı haqqında danışıb.
Professor Gülçöhrə Məmmədova əlavə edib ki, AzMİU üçün istehsalat müəssisələri ilə əməkdaşlıq çox vacibdir və bu istiqamətdə son illər uğurlu əlaqələr qurulub. Milli Aerokosmik Agentliyi ilə əməkdaşlığın da uğurlu olacağına əminliyini ifadə edən rektor qeyd edib ki, AzMİU-nun kadr potensialının gücündən istifadə edərək ölkəmiz üçün aerokosmik sahədə bir sıra mühüm tədqiqatların aparılması mümkündür.
Agentliyin baş direktoru Natiq Cavadov bildirib ki, qurum AzMİU ilə yeni qurulan əməkdaşlıqdan çox məmnundur. Agentlikdə mühüm vəzifələrdə çalışan AzMİU məzunlarına diqqət çəkən baş direktor universitetin tələbə və məzunları ilə yanaşı, müəllimləri ilə də əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Görüş zamanı əməkdaşlıq predmenti olan bir sıra sahələr haqqında, o cümlədən birlikdə elektron kosmik xəritələrin hazırlanması, kosmik üsullarla ekoloji problemlərin aradan qaldırılması və ölkəmizin faydalı ehtiyatlarının tədqiqi məsələləri mütəxəssislərin iştirakı ilə ətraflı şəkildə müzakirə olunub. Qərara alınıb ki, qarşılıqlı əməkdaşlıqda elmi-tədqiqat məsələlərinə xüsusi diqqət yetirilsin.