Sosial şəbəkələrdə Bakıda Azərbaycan vətəndaşlarını pul müqabilində Rusiya ordusunda hərbi xidmətə cəlb etməyə çalışan propoqanda tipli broşuraların yayılması haqqında məlumat dərc edilib.
Bu barədə "Unikal"a DİN-in Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, sözügedən məlumat araşdırılır: "Bu barədə məlumatlıyıq, araşdırılır".
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının ölkə xaricində digər ordularda hərbi xidmət etməsi qanunla qadağandır.
Sözügedən broşuralarda qeyd olunan məlumatlar, bunu Rusiyanın Yuqra şəhər hərbi dairəsinin etməsinə işarə edir. Belə ki, cari ilin 17 mart tarixində Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində Rusiya Federasiyası Silahlı Qüvvələrində müqaviləli xidmətlə bağlı qaynar xətt fəaliyyətə başlayıb.
Çap olunan kütləvi kağızların üzərindəki telefon nömrəsi, eləcə də insanların hərbi xidmətə cəlb olunacağı təqdirdə verilən vədlər qeyd olunan hərbi dairənin yaydığı məlumatlarla eynilik təşkil edir.
Ağarza Elçinoğlu