Avropa qocalır…
13:21 15-03-2013
CƏMİYYƏT
Avropa yazıçıları: “Avropa tarixdən çıxdaş olunacaq”
Və bu, nəzəri cəhətdən çoxdan etiraf edilmiş faktdır.
Hətta deyərdim ki, təxminən, yüz il öncə elmi-fəlsəfi öncədeyimlərin vasitəsilə bəyan edilmiş və hazırda reallığa çevrilməkdə olan faktdır.
Zaman öz işini görür…
Zamanında bəşəriyyətə elmi, mədəni zirvələr bəxş etmiş Qoca Şərqin ardınca Qərbi Avropa da fəxri “qoca” epitetini qəbul etməyə hazırlaşır...
Və bu qoca dünyada heç nə əbədi deyil. Bir gün yaranan bir gün ərgənlik dönəminə çatıb özünütəsdiqdən keçdikdən sonra ahıllıq çağına qədəm qoyur… Eynilə bu günki Avropa kimi.
Və bu məqamı da qeyd etməliyik ki, bütöv bir mədəniyyətin qocalması, adətən, bütün parametrlər üzrə baş verir: fiziki, iqtisadi, mənəvi.
Qısırlaşma
Bu günki Avropanın əhalisi sürətlə azalmaqdadır. Demoqrafik müşahidələrə görə, bu qocalma birinci növbədə doğumun azalması və ölümün cavanlaşmsı ilə müşayiət olunur.
Belə ki Ümumdünya Səhiyyə Təşkilatı Avropa əhalisinin sürətlə qocaldığını açıqlayıb.
ÜST-nin son hesabatında bildirilir ki, 2050-ci ildə yaşlı insanlar Avropanın ümumi əhalisinin 25 faizindən çoxunu təşkil edəcək.
Ekspertlər hesab edir ki, qitədə demoqrafik vəziyyəti miqrasiya xilas edəcək. Hazırda Avropada əhalinin 8 faizi, yaxud 73 milyon nəfəri mühacirlərdir. Onların 52 faizini qadınlar təşkil edir. Mühacirlər, adətən, cavan yaşda olsa da, maliyyə baxımından daha az təminatlıdır və onların səhiyyə xidmətlərindən istifadə imkanları regionun ümumi əhalisinə nisbətən daha azdır.
İqtisadi böhran
Avropa biznes Assosiasiyası konfransının yekunlarına görə ekspertlər belə bir qərara gəldilər ki, Avropada yeni maliyyə böhranının baş verməsi qaçılmazdır.
Bank tənzimlənməsinin daha sərt qaydalarının tətbiq edilməsi dünyanı yeni kollapsdan xilas edə bilməyəcək, sadəcə olaraq onun nəticələrini zəiflədəcək. Bununla belə bütün dünyadan olan maliyyə hökumət orqanları bu tələblərin tətbiqini təxirə salırlar.
“Dünya ciddi böhran yaşamışdır. Lakin hamı ürəyində bilir ki, yeni böhran qaçılmazdır”,- Hollandiya Mərkəzi Bankının eks-prezidenti və bank nəzarəti üzrə Bazel komitəsinin keçmiş sədri Nout Vellink bildirir. Indi bütün dünyadan olan bankirlər onun nəticələrinin minimallaşdırılması üsulları üzərində düşünməli olacaqlar.
Hər 25 ildən bir ölkələrdən birində maliyyə böhranı baş verir: Belə iqtisadi qeyri-stabillik bank və ölkələrə çox baha başa gəlir: orta hesabla itkilər illik ÜDM-un 60-100%-i təşkil edir. Əgər əvvəllər bir dövlətdə baş vermiş maliyyə böhranı digər ölkələrə zəif təsir göstərirdisə, indi vəziyyət dəyişib. Maliyyə bazarlarının qloballaşma tendensiyası daha da genişlənir. 2007-2008-ci illərdə baş vermiş sonuncu böhran bunu aydın şəkildə təsvir edir. O, ABŞ-da başladı və tez bir zamanda ölkələrin əksəriyyətinə yayıldı. Aydındır ki, müxtəlif ölkələrin maliyyə sistemləri arasındakı sərhədlər tamamilə yox olub. İqtisadi şoklar gələcəkdə daha çox ölkəni əhatə edəcək və müxtəlif regionlara daha sürətlə yayılacaq.
“Böyük iyirmilik” ölkələrinin mərkəzi bank rəhbərlərinin daxil olduğu Bank nəzarəti üzrə Bazel komitəsi 2008-ci il böhranından sonra yeni maliyyə böhranlarından xilas olmağın yolları üzərində işləməyə başladı. Ekspertlər müəyyən etmişlər ki, banklar tərəfindən kapitalın riskə görə təsnif edilmiş aktivlərə nisbətdə 2 faizlik punkt artırılması böhranının baş vermə ehtimalını azaldır. Əgər banklar həmçinin likvidlik itkisi riskini minimallaşdırsa, onda böhranın baş vermə ehtimalı daha da azalır. Bu ideyalar “Bazel III” adlı bank tənzimlənməsinin yeni qaydalar toplusunda ifadə olunmuşdur. Onların tətbiqi dünya maliyyə sistemini stressə daha dayanıqlı etməlidir.
Lakin stabillik baha başa gələcək. Yeni tələblərə cavab vermək üçün təkcə Avropa banklarına 600 mlrd avro həcmində əlavə kapital lazım olacaq. Onların tətbiqindən sonra bankların həyatı ciddi şəkildə dəyişəcək.
Mənəvi tənəzzül
Müasir Avropanın dövlət quruculuğu, demokratiya, insan hüquqları, əhalinin sosial rifahı, elm və mədəniyyət sahəsində əldə etdiyi misilsiz uğurlar göz qabağındadır. Avropa hazırda Birləşmiş Ştatlarla bərabər dünya siyasətinin əsas söz sahiblərindən biridir. Hətta dünyanın bir çox sakinləri indiki Avropaya cənnət kimi yanaşırlar və bu yanaşmada müəyyən qədər həqiqət payı olmamış deyil.
XIX əsrin sonlarında və XX əsrin əvvəllərində məşhur alman filosofu Şpenqler və rus filosofu Danilevski Qərb sivilizasiyasının qədim Yunanıstan və Qədim Romadan baş götürüb gələn bütün tarixini, mədəniyyətini morfoloji baxımdan təhlil edərək bu qənaətə gəlmişdilər ki, Avropa mədəniyyəti özünün zirvə dövrünü çoxdan keçib və onun məhvə yuvarlanması qaçılmazdır.
Vaxtilə mənşəcə türk olan məşhur rus alimi Nikolay Qumilyev də xalqların və sivilizasiyaların doğuluşunu, inkişafını, yüksəlişini və tənəzzülünü təbiət qanunları və prosesləri müstəvisində izah edərək bu qənaətə gəlmişdi ki, istənilən sivilizasiya fenomeni yenidən dirçələ və yüksələ bilər.
Amm Avropanın hazırkı vəziyyəti qabaqcıl Avropa ziyalılarını ciddi şəkildə narahat etməkdədir. Təkcə Avropada deyil, bütün dünyada tanınan Bernar-Anri Levi, Antonio Lobo Antunes, Salman Rüşdi, Umberto Eko kimi məşhur yazıçılar və alimlər dünyaya çox sərvətlər bəxş etmiş Avropa mədəniyyətinin böhrandan çıxardılması üçün maraqlı model təklif edirlər: vahid Avropa dövlətinin yaradılması...
Onlar qeyd edirlər ki, “Avropa böhrandan keçmir, o, məhv olur. Əlbəttə, bunun ərazi-coğrafi planındakı Avropaya dəxli yoxdur. Söhbət Avropa ideyasından gedir.
Demokratiya hər yerdə dayaqlarını itirir – həm qərbdə, həm şərqdə, həm şimalda, həm də cənubda. Populizmin, millətçiliyin, təcrid və kin ideologiyalarının qalxınması onu laxladır.
Başqa sözlə, bu siyasi inteqrasiya (bu öhdəlik Avropanın bütün sazişlərində qeyd edilib, lakin görünür ki, heç bir məmur onu ciddi qəbul etmək niyyətində deyil) prosesində tərəqqi, milli dövlətlərin öz səlahiyyətlərinin bir hissəsindən imtinası, yəni Avropa xalqlarını təcridə və iflasa itələyən suverenlik tərəfdarlarının məğlubiyyəti olmadan, 150 il əvvəl ABŞ-dakı vətəndaş müharibəsində cənubluların qalib gələcəyi təqdirdə dolların iflasa uğrayacağı kimi avro çökəcək.
Əvvəllər deyirdilər: sosializm, yaxud vəhşilik.
Bu gün demək lazımdır: siyasi ittifaq, yaxud vəhşilik.
Hətta: federalizm, yaxud tənəzzül, ardınca isə - ictimai iflas, güzəranın qərarsızlığı, işsizliyin kəskin şəkildə artımı, yoxsulluq.
Yaxud hətta: ya Avropa siyasi inteqrasiya yolunda yeni, qəti addım atacaq, ya da tarixdən çıxdaş olunacaq və hərc-mərcliyə qərq olacaq.
Daha seçimimiz yoxdur: Avropanı ya siyasi ittifaq gözləyir, ya da ölüm.
Bu ölüm müxtəlif biçimlərdə bəlirlənə bilər, ona gediş isə dolayı yollarla ola bilər. Xəstəlik iki-üç il, ya da hətta on il çəkə bilər. Proses hər dəfə ən pis halın arxada qalması kimi yalan duyum yaradası remissiya ilə müşayiət oluna bilər. Lakin bu hər halda baş verəcək. Avropa tarixdən çıxdaş olunacaq. Heç nə edilməsə, bu və ya digər biçimdə bu olacaq. Bu, artıq fərziyyə, rəsmiləşməmiş əndişə, inad avropalıların gözlərinin qabağında yellənən qırmızı əski parçası deyil. Bu, qaçılmazlıqdır. Nəhs perspektivdir. Qalan hamısı (bəzilərinin bəyanatları, digərlərinin heç nəyə dəyməyən müqavilələri, çeşid-çeşid həmrəylik fondları və sabitləşdirici banklar) yalnız qaçılmaz olanın vaxtını uzatmağa və ölümcül xəstənin hər şeyin yaxşılaşacağına ümidini saxlamağa imkan verir”.
Digər Xəbərlər
2024-10-31 22:45:52
2024-10-31 21:29:55
2024-10-31 19:54:39
2024-10-31 19:30:56
2024-10-31 19:07:34
2024-10-31 19:05:00
2024-10-31 18:29:37
2024-10-31 18:16:27
2024-10-31 17:37:34
2024-10-31 17:21:00
2024-10-31 16:11:00
2024-10-31 15:25:00
2024-10-31 15:05:00
2024-10-31 14:52:28
2024-10-31 14:33:20
2024-10-31 14:27:27
2024-10-31 14:24:00
2024-10-31 14:20:51
2024-10-31 14:13:00