"Aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat qəbul edilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
"Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan edən Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsraildə səfirliyinin açılmasından narahat olur", - deyə MM sədri bildirib.
Sədrin sözlərinə görə, hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə necə münasibətlər qurması onun öz daxili işidir: “Azərbaycanın suverən hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”.
S.Qafarova əlavə edib ki, bu gün bəzi müəyyən qüvvələr Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi, tarixi ədalətin bərpa olunması ilə heç cür barışa bilmirlər: “Onlar ölkəmizə böhtanlar atır, bölgədə münaqişənin yenidən alovlandırmağa, Ermənistanla Azərbaycan arasında uzun müddətli sülh yaratmaq səylərini pozmağa çalışırlar”.
Anar Kəlbiyev