Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını yayımlayıb. Siyahıda müğənni Günay İbrahimlinin "O kimdir ki" mahnısı da yer alıb.
"Unikal" xəbər verir ki, müğənni sosial media hesabında qurumun etirazına münasibət bildirib.
Belə ki, Günay İbrahimli konstitusiyanın yaradıcılıq azadlığı barədə maddəsini xatırladan müğənni musiqisinin qeyd olunan siyahıya əlavə edilməsini yaradıcılığına qarşı çirkin təbliğat adlandırıb:
“Bu gün mediada Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı siyahıda mənim də adımın yer aldığını gördüm. Bu cür mötəbər və önəmli bir qurumun qeyri-peşəkar və qeyri-ciddi əməkdaşlarının, heç bir açıqlama gətirmədən mənim ifamı və adımın o siyahıya salınmasında, ehtimal edirəm ki, qərəz var. Narkotiki, pis əməlləri, cinayəti, özünəqəsdi, tüfeyli həyatı təbliğ edən şəxs və ifalarla mənim adımın bir siyahıda olmasını mənə və yaradıcılığıma qarşı aparılan çirkin təbliğat hesab edirəm. Niyəsə qurumun rəsmi saytında bu xəbərə rast gəlmədim və hesabatda hansısa kitaba istinad edirlər. Təsadüfə baxın ki, hansısa “mübariz” bir şəxs o kitabdan siyahını götürüb, yerli mediamıza yönləndirib və ya qurumun özü bu addımı atıb. Bu siyahıya mənim adımı əlavə edən “psevdointellektual”, "ziyalı", guya mental dəyərlərimizə sadiq olan şəxslər əsas gətirə bilər mi, mənim “O kimdi ki?” adlı ifamda cinayət xarakterli məzmun hansıdır? Neçə şəxs narkotikə qurşanıb? Neçə şəxs özünə qəsd edib və ya özünə qəsd etmə səviyyəsinə çatıb? Əllərində statistika və rəqəmlər var mı? Təbii ki, bu yanaşma çirkin böhtandır mənə qarşı".
Müğənni iddialarən əsassız olduğunu vurğulayıb: “Kimisə təftiş edərkən ədalət əsas meyar olmalıdır. Bu siyahıda sırf mənim adımın və ifamın olmasını əsla qəbul etmirəm. Araşdırmada doğru eyhamlar var. Buna qarşı deyiləm. Amma heç bir istinad, əsas gətirmədən adımın hallanmasını şəxsimə qarşı qeyri-etik davranış olaraq qiymətləndirirəm. Monitorinq Mərkəzi işini sanballı, peşəkar mütəxəssislərə həvalə etmədikcə, kimlərinsə şəxsi qərəzini, zövqünü etalon qəbul edib, qaralama aparacaqsa bu işi görməsə yaxşıdır”.