“Bu günə qədər bir çox dövlət müsəlman ölkəsində səfirliklər açıb. Bunun qarşılığında niyə məhz Azərbaycanın İsraildə səfirlik açması İranı özündən çıxarır? Bu da azmış kimi ölkəmizə qarşı təhdid, şantaj xarakaterli bəyanat yayır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında MM sədrinin müavini Fəzail İbrahimli deyib. Vitse-spikerin sözlərinə görə, utanmaz kimi bəyanatda qeyd edirlər ki, guya, Azərbaycan hökuməti islam dünyasının tələblərinə zidd hərəkət edərək Qüdsdə səfirlik açıb:
"İran, sənin açdığın səfirliklər bəyəm islam dünyasına zidd deyil?! Riyakarlıq ayaq tutub yeriyə bilməz. Azərbaycan torpaqlarının 30 illik işğal dövründə İran susdu. Bilirsiniz maska nə zaman cırıldı? Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edəndə. İran parlamenti elə düşünür ki, bu kimi addımlarla xalqımız arasında müəyyən fikir ayrılıqları yarada biləcək. Burdan onlara səslənirəm ki, unudun bu məsələləri. Çünki zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı bir, bütöv və əyilməzdir. Siyasi mövqeyindən asılı olmayaraq vətəndaşının vahid yumruq altında birləşən dövlətin parlamentindən nəsə gözləməsin. Azərbaycan dövləti güclü və bütövdür. Hakimiyyət və xalq arasında birlik var. Hesab edirəm ki, İranın sinəsini dağlayan məqam da məhz bunlardır. İran parlamentinin yaydığı bəyanat saxta, riyakar, yalandır. İslam dünyasına xəyanət edən dövlətin özü də məhz İrandır”.
Anar Kəlbiyev