“Seçildiyim Suraxanı rayonunda 20 il ərzində dərəbəylik hökm sürüb. Açıq danışacam, bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bir rayonda icra başçısı işləmiş İlqar Abbasov rayonda nə qədər torpaq varsa satıb, zəbt ediblər”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.
“Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri Mais Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bu rayonu 4 nəfər işğal edib. 220 min əhalisi olan rayonun bir peşə məktəbi yoxdur. Lakin onlarla pub, restoran, diskoteka var. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov və Mais Məmmədov hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Bu, vəzifə səlahiyyətlərində sui-istifadədir. Həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə adamların əlindən bələdiyyələr zəlil olub”, - deyə E.Əliyev bildirib.
Anar Kəlbiyev