Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov aprelin 13-də Lənkəranda Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Lənkəran rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.
"Unikal" xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub.
Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 19 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının təkrar tibbi müayinəyə göndərilməsi, övladının xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, Vətən müharibəsində iştiraka görə medalla təltif olunma, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə müavinətin ödənilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.
Qəbul zamanı vətəndaşların müraciətlərinin həlli ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah edilib, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.