Aprelin 13-də Azərbaycan Respublikasının Milli Məclisi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilib.
"Unikal" xəbər verir ki, rayon rəhbərliyi və qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar.
Qazax Gənclər Evində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı bildirib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan şəxsiyyətlər, görkəmli mütəfəkkirlər və dövlət xadimi çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərnin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gələn unikal haldır. İcra başçısı qeyd edib ki, Heydər Əliyev XX və XXI əsr Azərbaycan Respublikasının ən görkəmli şəxsiyyətlərindən biri idi. Ümummilli Lider təkcə müasir həyatın müxtəlif problemlərini deyil, həm də siyasi, iqtisadi, elmi, mənəvi, mədəni, tarixi, habelə sənətin ayrı-ayrı sahələrinə dair məsələlər barədə saatlarla danışmağı, mövcud vəziyyəti dərindən təhlil edərək nəticələr çıxarmağı bacaran dahi bir şəxs idi. Ümummilli Lider Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz insan olaraq qalacaq. Çünki O, öz işləri, əməlləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. O, Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Heydər Əliyev bütün dövrlərdə qüdrətli Azərbaycan uğrunda çalışıb. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Onun Azərbaycana rəhbərlik illəri tariximizdə milli intibah dövrü kimi əbədiləşib. Bu gün onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daha da gücləndirirlər. Bizim hər birimizin inamı bundan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarxılmazdır, dönməzdir!.
Sonra çıxışlar olub. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatları Xalq şairi Sabir Rüstəmxanlı Cavanşir Feyziyev, Nigar Arpadarai, Asim Mollazadə, Nəsib Məhəməliyev, Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix, Litvanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.
Sonda konfransda iştirak edən millət vəkilləri və qonaqlar fəal gənclərin onlara ünvanladıqları sualları cavablandırıblar.