İdarəetmə Sistemləri İnstitutunda (İSİ) AR Elm və Təhsil Nazirliyi 5 nömrəli “Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin təşəbbüsü, İdarəetmə Sistemləri İnstitutu və Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqovun iştirakı ilə “IV Sənaye inqilabının çağırışları: idarəetmədə rəqəmsal transformasiya və risklər” mövzusunda Ustad Dərsi (MasterClass) keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə institutun rəhbərliyi, 5 nömrəli “Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin rəhbərliyi, müəllim və şagird heyəti, o cümlədən 18, 45, 118, 138, 172, 238, 280 və 189-190 saylı məktəblərin şagirdləri, AR Elm və Təhsil Nazirliyinin fizika, riyaziyyat və texnika profilli institutlarının gənc alim və mütəxəssisləri, magistrantlar, doktorantlar, Azərbaycan Dövlət Neft və Sənaye Universitenin SABAH qruplarında təhsil alan tələbələri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov rəhbərlik etdiyi müəssisənin tarixi, elmi və elmi-təşkilati fəaliyyəti, əldə olunan mühüm nailiyyətlər və əməkdaşlıq əlaqələri barədə tədbir iştirakçılarına məlumat verib. Gənclərin aktual elmi sahələrə cəlb olunması və kadr potensialının inkişaf etdirilməsindən söz açan alim bu qəbil tədbirlərin keçirilməsinin önəmini vurğulayıb, tədbirə öz işində uğurlar arzu edib.
Sonra 5 nömrəli “Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin rəhbəri Elza Orucova institut rəhbərliyinə tədbirin təşkilində göstərilən xüsusi diqqətə görə təşəkkürünü bildirib, mərkəzin fəaliyyəti, əldə olunan nailiyyətlər və gələcək hədəflərdən bəhs edib.
Daha sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun rəhbərliyi ilə “IV Sənaye inqilabının çağırışları: idarəetmədə rəqəmsal transformasiya və risklər” mövzusunda Ustad Dərsi keçirilib. Indiyədək baş vermiş sənaye inqilablarının tarixinə nəzər salan alim onların xarakterik xüsusiyyətləri, müxtəlif texniki elm və istehsal sahələrinin inkişafına təsiri və nəticələrindən ətraflı şəkildə bəhs edib.
Kiberfiziki sistemlərin istehsalata və xidmət sahələrinə kütləvi şəkildə tətbiqi və istehsal sənayesinin rəqabət qabiliyyətinin artırılması ilə müşahidə olunan IV Sənaye inqilabından söz açan Ə.Sadıqov inqilabın hərəkətverici qüvvəsi olan rəqəmsal texnologiyalardan bəhs edib. İntellektual rəqəmsal texnologiyaların hökumət və şirkətləri iş və biznes tərzinə, beynəlxalq və yerli əlaqələrə yenidən nəzər salmağa vadar etdiyini qeyd edən alim müasir sənaye inqilabının sənaye və texnoloji innovasiyaların artan simbiozunda özünü göstərdiyini bildirib.
Dördüncü sənaye inqilabının istehsalın artımı ilə deyil, onun məhsuldarlığı, çeviklikliyi və fərdiləşdirilməsi ilə xarakterizə olunduğunu qeyd edən Ə.Sadıqov inqilabın istehsal proseslərində əsaslı dəyişikliklərə yol açdığını vurğulayıb, təkcə texnoloji yenilikləri deyil, həm də sosial paradiqmanın, mədəni kodun dəyişməsinin mümkünlüyündən bəhs edib. IV Sənaye inqilabının süni intellekt, avtonom robotlar, pilotsuz uçuş aparatları (PUA), bulud hesablamaları, informasiya təhlükəsizliyi və digər texnologiyalarından bəhs edən alim inqilabın gedişatında mövcud maneə və riskləri nəzərə çatdırıb.
Rəqəmsal transformasiyanın Azərbaycanda prioritet istiqamətlərdən biri olduğunu vurğulayan Ə.Sadıqov ölkənin regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparıldığını bildirib. Qeyd edib ki, hazırda Rəqəmsal infrastrukturunun əsasını təşkil edən genişzolaqlı internet şəbəkəsinin inkişafı, “Hökumət buludu”, “Böyükhəcmli məlumatlar”, “Ağıllı şəhər” və “Ağıllı kənd” kimi rəqəmsal təşəbbüslər həyata keçirilir. Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında ölkədə həyata keçirilən dövlət siyasətindən bəhs edən Ə.Sadıqov telekommunikasiya texnologiyalarının cəmiyyətin bütün sahələrinə ciddi nüfuz edərək, inkişaf üçün geniş imkanlar yaratdığını bildirib. Alim, həmçinin rəqəmsal transformasiyanın üstünlükləri, təhsil sektorunda rolu, müvafiq sahədə mövcud risklər və həll yollarından bəhs edib.
Çıxışının sonunda müasir dövrün və gələcəyin çağırışlarına cavab verən ixtisaslara və peşələrə yiyələnmək və yüksək ixtisaslı elmi kadr kimi yetişmək istiqamətlərində gənclərə tövsiyələrini səsləndirən Ə.Sadıqov “Uşaq-Gənclər İnkişaf Mərkəzi”nə fəaliyyətində yeni-yeni uğurlar arzu edib. Sonda tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.