Müqəddəs Ramazan bayramında şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunub.
"Unikal" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə I Qarabağ və Vətən müharibələri şəhidlərinin, o cümlədən müxtəlif vaxtlarda düşmənin hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət etmiş, əziz xatirələrini hörmətlə yad ediblər.
Daha sonra şəhid ailələrinin və Vətən Müharibəsi qazilərinin evlərinə gedərək onlara baş çəkən Abşeron RİH başçısı ailələrin qayğıları və problemləri ilə maraqlanıb.
Ziyarət və görüşlərdə bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu döyüş meydanında qazandığı qələbədən sonra işğaldan azad edilən ərazilərimizə soydaşlarımız qayıtmaqdadır. Bu ilin yay aylarında növbəti böyük sayda vətəndaşımızın Laçın rayonunda yerləşdiriləcəyi qeyd olunaraq vurğulanıb ki, tarixi torpaqlarımızda sürətli şəkildə quruculuq-abadlıq işləri həyata keçirilir və çox yaxın zamanda bütün söydaşlarımız dədə-baba yurdlarına geri dönəcəklər.
Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, eyni zamanda Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, o cümlədən İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və yerli özünüidarəetmə orqanlarının üvzləri tərəfindən Abşeron rayonunun kənd və qəsəbələrində şəhidlərimizin məzarları ziyarət olunub, şəhid ailələrinə baş çəkilərək onların qayğıları ilə maraqlanılıb.