"Bu yaxınlarda həmkarımız Vahid Əhmədov mətbuatda xoşagəlməz müsahibə verib. Blogerin suallarının təsiri altına düşən həmkarımız dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışdı".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
"Məni narahat edən millət vəkilinin Azərbaycan dövlətçiliyinə təhdidləri, qərəzli münasibətləridir. Vahid Əhmədov ölkə Prezidentinin sosial siyasətinə kölgə salır. Bunu ən müxtəlif tezislərlə əsaslandırmağa çalışır. Belə çıxır ki, Azərbaycanda uzun illərdən bəri həyata keçirilmiş sosial siyasət heç bir nəticə verməyib. Azərbaycanda korrupsiyanın və kölgə iqtisadiyyatının tör-töküntülərinin qalmasını sistemin üzərinə yönəltməyin özü acı təəssüf doğurur. O söyləyir ki, əgər imkan yaradılsa, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının xalqın etimadını qazanmaq imkanları var. Digər partiyalarda bu imkanları görmədiyini deyir. Hansı haqla? Onun adını çəkdiyi Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları ancaq 90-cı illərin əvvəllərində yaratmış olduğu anarxiya, ölkənin parçalanmasına, səriştəsizliyə, səfalətə görə Azərbaycan xalqının yadında qalıb" - deyə deputat bildirib. F.Ağamalı İntizam Komissiyasının sədrinin müavini kimi təklif edib ki, məsələ komissiyada müzakirə olunsun.
Deputat Razi Nurullayev isə deyib ki, Vahid Əhmədovun tərbiyəsiz bir şəxsə müsahibə verməsini, orada deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınayıram: "Onun bu müsahibəsini və fikirlərini Parlamentə və onun deputatlarına qarşı açıq-aydın təhdid kimi qiymətləndirirəm. "O tərbiyəsiz şəxs bir neçə ay öncə parlamentin önündə video çəkib göstərmişdi ki, deputatlara paz gətirib ki, istifadə etsinlər, daha əvvəl isə “qoz və xiyar gətirmişdim” deyir. Bu açıq-aydın ən eybəcər təhqirdir. Belə çıxır ki, deputat Vahid Əhmədov da onunla razıdır. Hər həftə müxtəlif ölkələrdə rəsmi səfərdə olan, bütün format və platformalarda ölkəmiz adına çıxış edən, Ermənistan nümayəndələrini yerinə oturdan, çıxışlarının ingilis və rus dili versiyaları yalnız bizlər yox, digər ölkələrin vətəndaşları tərəfindən belə geniş paylaşılan xanım sədr Sahibə xanımın adını çəkməyərək, dolayısı ilə xanım sədri də dövlətə canı yanmayan kimi qələmə verir. Bu qədər ağını çıxarmaq, haqsızlıq etmək olarmı? Sahibə Qafarovanın əməyini görməmək, onun dövlətimiz üçün etdiklərini gözardı etmək ən böyük insafsızlıq və həqarətdir. Bu ölkədə müxalifət pasportu paylamağa iddialı Əli Kərimli idi. 30 ildir müxalifət pasportu paylayır, amma özünün müxalifətçilik pasportu ilə heç Biləcəridən o yana getməyib. İndi Vahid Əhmədov da müxalifət pasportu paylayır. Başa düşmürəm siz hansı haqla burada təmsil olunan siyasi partiyalara siyasi qiymət vermək iddiasına düşürsünüz? 40 ildir bu ölkənin var-dövlətindən yararlanan adamlar arasındasınız. Prezident İlham Əliyevi öyür, adını çəkir və bu pərdə altında gizlənərək elə Prezident İlham Əliyevin birbaşa özünə qarşı çıxır. Çox təəssüf edirəm ki, deputat həmkarlarını hədəfə alan, onların təhdid olunmasında birbaşa iştirak edən, Parlamentdə oturub Parlamenti və deputatları bəyənməyən, onlara yuxarıdan aşağı baxan bir kəslə bir Parlamenti bölüşməli oluruq".
Anar Kəlbiyev