Dünən Biləsuvar rayonunda baş vermiş qaz sızması ilə nəticələnən partlayışla bağlı araşdırma aparılır.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Dövlət neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, belə hadisələr baş verən zaman yerində komissiya yaradılır: "Biz təkcə “Azəriqaz” olaraq orada araşdırma aparmırıq. Hadisə yerində həm Fövqəladə Hallar Nazirliyi, həm də prokurorluq əməkdaşları tərəfindən birgə araşdırmalara başlanılıb”.
R. Əliyevin fikrincə, hadisənin ilkin görüntüsündən ehtimal olunur ki, partlayış qaz sızması səbəbindən baş verib: “Qaz avadanlığının hansısa açıq olub. Bu, onu göstərir ki, hadisə hər hansı qaz yığıntısından baş verib".
O əlavə edib ki, belə hadisələr çox vaxt səhlənkarlıqdan baş verir: “Çünki ildə bir dəfə təlimat keçirik. Abonent 364 gün özü mənzilini idarə edir. Biz bununla bağlı maarifləndirmə işləri görürük. Buna baxmayaraq, problem hələ də gündəmdə qalmaqdadır. Arzu edirik ki, abonentlərimiz daha diqqətli olsunlar".