Azərbaycanda himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) uçotu aparılacaq.
"Unikal" xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə yeni 142-1-ci maddə (Himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) uçotu) əlavə edilir.
Yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparacaq.
Məcəllənin 142-1.1-ci maddəsində qeyd edilən vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır:
-himayədar ailələrə verilmiş uşaqların soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, qeydiyyat ünvanı, vətəndaşlığı və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) soyadı, adı, atasının adı, FİN-i, qeydiyyat ünvanı, faktiki yaşadığı ünvan;
-himayədar ailələrə verilmiş uşaqların və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti barədə məlumatlar;
-uşağın əvvəllər qəyyumluğa (himayəyə), himayədar ailəyə və ya övladlığa verilib-verilməməsi barədə məlumatlar;
-himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
-himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) məhkumluğunun olub-olmaması barədə məlumatlar;
-himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) yaşayış şəraiti, gəlirləri və maliyyə öhdəlikləri barədə məlumatlar;
-himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) əvvəllər qəyyum (himayəçi), himayədar valideyn və ya övladlığa götürən şəxs olub-olmaması barədə məlumatlar;
-uşağın himayədar ailəyə verilməsi barədə müqavilənin müddəti barədə məlumat.