Sərhəd Xidməti əsgərin döyülərək öldürüldüyünü təkzib edir
11:48 18-03-2013
CƏMİYYƏT
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) martın 16-da Yevlaxdakı hərbi hissədə baş vermiş əsgər ölümü ilə bağlı məlumat yayıb. Bu barədə Unikal.org-a DSX mətbuat mərkəzindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, martın 16-da DSX-nin Yevlax şəhərində yerləşən hərbi hissəsinin əsgəri Niftizadə Elvin Fikrət oğlu nahar yeməyindən sonra özünü narahat hiss etdiyi üçün hərbi hissənin tibb məntəqəsinə gətirilib. Müayinə zamanı əsgərin təzyiqinin kəskin surətdə düşməsi aşkar edilib və o, təcili olaraq Yevlax Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Həkimlərin ciddi səyinə baxmayaraq, Elvini xilas etmək mümkün olmayıb.
Xəstənin vəfatının səbəblərinin aydınlaşdırılması məqsədilə hərbi prokurorluğun əməkdaşının iştirakı ilə keçirilmiş autopsiya nəticəsində əsgərin bədənində hər hansı xarici yaxud daxili xəsarət alma halının olmaması müəyyən edilib. Autopsiyanın keçirilməsi prosesinin videoçəkilişi aparılıb.
“Hazırda ölümün səbəbinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.
Əsgər Elvin Niftizadə 9 dekabr 1994-cü il tarixdə Cəlilabad rayonunun Şötüklü kəndində anadan olub. 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Dövlət Sərhəd Xidməti sıralarına göndərilib: “Xidmət etdiyi 2 ay ərzində özünü müsbət tərəfdən göstərməklə komandirlərin və əsgər yoldaşlarının rəğbətini qazanıb. Sərhədçi peşəsinə böyük həvəs və maraq göstərərək xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidməti sıralarında müddətdən artıq hərbi xidmət etmək arzusu olduğunu bildirərək bu barədə hərbi hissə rəhbərliyinə müraciət edib”.
Dövlət Sərhəd Xidməti rəhbərliyi əsgər Elvin Niftizadənin vəfatından kədərləndiyini bildirərək onun valideynlərinə dərin hüznlə baş sağlığı verir: “Allah əsgərimizə rəhmət eləsin. Eyni zamanda təəssüf hissi ilə qeyd edirik ki, bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyd olunanlarla əlaqədar həqiqətə uyğun olmayan, qərəzli xarakterli məlumatlar yayılıb. Bu məlumatları qətiyyətlə təkzib edir, bədbəxt hadisənin öz çirkin məqsədləri üçün istifadə edənləri qınayır, özgəsinin kədərindən yararlanmaq cəhdlərini mənfi qiymətləndiririk”.
Qeyd edək ki, ölən əsgərin qohumları mətbuata açıqlamalarında bildiriblər ki, əsgərin cəsədində xəsarət izləri var. Onlar iddia edirlər ki, əsgəri öz komandiri başına taburetka ilə vuraraq, öldürüb.
Digər Xəbərlər
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 12:17:57
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00