Ötən gün Konstitusiya Məhkəməsi ipoteka kreditləri ilə bağlı yeni qərar qəbul edib. Qərarda qeyd olunur ki, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni, ipoteka krediti götürən şəxs ölərsə, onun borcunu vərəsəsi ödəməlidr.
Konstitusiya Məhkəməsinin bu qərarı hazırda ipoteka krediti ödəyən vətəndaşlar arasında çox sayda sualların yaranmasına səbəb olub. Belə ki, həmin vətəndaşlar uzun illərdir həyat sığortası üçün hər ay müəyyən məbləğdə vəsaiti banka ödədiklərini bildirirlər.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, sözügedən qərar dövlət ipotekasına aid deyil:
“Vətəndaşlarda haqlı olaraq sual yaranır ki, borcu vərəsə ödəyəcəksə, onda həyat sığortası nəyə lazımdır? İlk öncə onu qeyd edim ki, Konstitusiya Məhkəməsinin ötən gün qəbul etdiyi qərar dövlət ipotekasına şamil olunmur.
Konstitusiya Məhkəməsi qərar verib, amma vətəndaşlara qaranlıq qalan o hissəni unudub. Yəqin ki, bu qərar bankdan götürülən vəsait hesabına ipoteka krediti götürən şəxslərə şamil olunacaq.
Buna baxmayaraq, bankla əməkdaşlıq edən elə insanlar var ki, onlar da həyat sığortası üçün hər ay vəsait ödəyirlər. Güman edirəm ki, Konstutisiya Məhkəməsi və banklar bütün bu suallara aydınlıq gətirməlidir", - deyə ekspert qeyd edib.
Murad İbrahimli