“Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır”.
“Unikal” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı deyib.
“Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir.
Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”.
Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir”, - deyə Azərbaycan Prezidenti bildirib.