Mayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sağlam qidalanma, reallıqlar, perspektivlər” adlı forum keçirilib.

"Unikal" xəbər verir ki, ADNSU-nun “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının təşkilatçılığı ilə keçirilən forumda iştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad ediblər. 
Dövlət Himninin səsləndirilməsi ilə başlanan forumda çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı iştirakçıları salamlayaraq universitetdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçirildiyini və bu forumun Ulu öndərin xatirəsinə həsr olunmuş növbəti əlamətdar tədbir olduğunu diqqətə çatdırıb. Ulu öndərin hakimiyyəti dövründə digər sahələrdə olduğu kimi, qida sənayesində və aqrar sektorun inkişafındakı misilsiz xidmətlərindən bəhs edən rektor Mustafa Babanlı aqarar sənayenin inkişafının, həmçinin sənaye müəssisələrinin yaradılmasının Ulu öndərin adı ilə bağlı olduğunu vurğulayıb.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, t.e.n. İlham Mədətov, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş forumun xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Bildirilib ki, qida təhlükəsizliyinin təmin olunması ölkə qarşısında duran prioritet məsələdir və bu istiqamətdə birgə tədrisin təşkili, ali təhsil müəssisələri və şirkətlər arasında birgə işlərin həyata keçirilməsi vacibdir. 
Polşanın Waclaw Dąbrowski “Kənd Təsərrüfatı və Qida Biotexnologiyası” Dövlət Tədqiqat İnstitutunun professoru, həmçinin ADNSU-nun tədqiqatçı professoru Amin Musəvi “ Azərbaycanda qida elmi” mövzusunda təqdimatla çıxış edib.
Sonra spikerlər Azərbaycan Dövlət Aqrar Universiteti - Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, prof. Hasil Fətəliyev “Müasir insanın qidalanma və sağlamlıq problemləri”, Azərbaycan Texnologiya Universitetinin professoru Əhəd Nəbiyev “Funksional qida – sağlamlığın təminatıdır”, Azad İstehlakçılar İctimai Birliyinin idarə heyətinin sədri Eyyub Hüseynov “Qidanın təhlükəsizliyinin təmin olunmasında ictimai nəzarətin rolu”, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov “Ekoloji təmiz və quru üzüm istehsalının aqrobioloji və aqronomiq əsasları”, Azərbaycan Milli Kulinariya Assosasiyasının və Dünya  İslam Kulinariya Birliyinin Prezidenti Tahir Əmiraslanov “Qidalanmanın insana psixifizioloji təsirinin əsasları, şüurun dəyişkən vəziyyətə düşməsi”,  ADNSU-nun professoru Vüqar Mikayılov “Orqanik içkilər”, Lənkəran Dövlət Universitetinin  professoru Mikayıl Məhərrəmov “Toksiki metalların bitki mənşəli məhsullarda toplanması və insan sağlamlığına təsiri” mövzularında mərzə ilə çıxış ediblər. 
“Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirov forumda çıxış edərək müzakirə olunan hər bir mövzunun aktuallığını qeyd edib və konfransda iştirak edən hər kəsə təşəkkür edib.
Sonda məruzəçilər forumda iştiraka görə təşəkkürnamə ilə təltif olunublar.