Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir.  Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var.

Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Belə ki, İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri  yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi yaddaqalan tədbirlərlə qeyd olunub. Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri və iki ölkə arasında prezidentlərin birgə bəyənatları bir daha sübut edir ki, bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Cənab Prezident İlham Əliyevin İsrail Prezidenti ilə birgə mətbuata verdiyi bəyanatında da qeyd olunur ki, “Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir.”  O da qeyd olunmalıdır ki, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.

Yeni əməkdaşlıq sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik həmdə hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. 30 may görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Bu əməkdaşlıq həmdə gələcək strateji əməkdaşlıq üçün müəyyənləşən yol xəritəsinin bir hissəsidir.

Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov