Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) nümayəndə heyətinin Çexiyanın paytaxtı Praqaya səfəri başa çatıb.
"Unikal" xəbər verir ki, səfərin son günü rektor Fuad Hacıyev, Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektor Təhminə Tağı-zadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə Karlov Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsinin akademik proqramları və infrastruktu ilə tanış olublar.
Daha sonra Karlov Universitetinin Fizioterapiya ixtisasının proqram rəhbəri Tereza Novakova ASAPES nümayəndələrini fizioterapiya üzrə tədris proqramı, praktiki məşğələlər və təcrübələr üçün nəzərdə tutulmuş laboratoriyalar, idman otaqları və Universitet klinikası ilə yaxından tanış edib. Qeyd edilib ki, Karlov Universitetinin klinikası ictimaiyyət üçün də açıqdır və müraciət əsasında burada xəstələrin müayinə və müalicəsi həyata keçirilir.
Qonaqlar həmçinin “Bədən tərbiyəsi və idman” fakültəsinin stadionuna, adaptiv tədris zallarına, fitnes otaqlarına və hərbiçilərin fiziki hazırlığı üçün nəzərdə tutulmuş zallara da baxış keçiriblər.
ASAPES-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə Karlov Universiteti tərəfindən yaradılmış kompüter oyunları ilə real idman oyunlarını özündə birləşdirən GSport yarışının finalında iştirak edərək tədbirin formatı, yarışın qaydaları və texniki reqlamenti ilə tanış olub.
Qeyd edək ki, səfərin əsas məqsədi Karlov Universiteti ilə anlaşma Memorandumunun imzalanması, ikili və birgə diplom proqramlarının müzakirə edilməsindən ibarət olub. Mayın 31-də imzalanan və ASAPES üçün tarixi əhəmiyyət kəsb edən Memorandum əsasında tərəflər birgə proqramlar üzrə danışıqları işçi qaydada davam etdirəcəklər.